GÜNDƏM

“Robot repetitor”: Müəllimlərin “çörəyi” kəsilir?

İdarəetmə Sistemləri İnstitutunda süni intellekt əsaslı “robot repetitor” sisteminin üzərində işlərin aparıldığı bildirilib.

Bu barədə Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov məlumat verib.

“Məqsədimiz repetitor xidmətlərinə çıxışı olmayan abituriyentlərə keyfiyyətli və əlçatan təhsil dəstəyi təqdim etməkdir. Virtual müəllimlər vasitəsilə şagirdlər tarix, coğrafiya, riyaziyyat və digər fənləri interaktiv şəkildə öyrənə biləcəklər”.

“Robot müəllim” ya çox ucuz məbləğ qarşısında, ya da Elm və Təhsil Nazirliyi tərəfindən abituriyentlərin istifadəsinə pulsuz veriləcək.

Əgər lazımi məlumat bazalarına çıxış əldə olunarsa, sistemin 7-8 ay ərzində istifadəyə hazır olması mümkündür.

Bəs “robot müəllimlər” insan müəllimlərin yerini tam əvəz edə bilərmi? “Robot repetitor”un istifadəyə verilməsi repetitor bazarına necə təsir göstərəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, repetitorluq ölkədə getdikcə daha geniş vüsət alıb və kosmik sürətlə inkişaf edir.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə informasiya texnologiyalarının, eləcə də süni intellektin inkişafı göstərir ki, bir neçə ildən sonra təkcə repetitorluq deyil, pedaqoji heyətin müəyyən hissəsi də tədricən sıradan çıxa bilər:

“Artıq dərslərin onlayn keçirilməsi və süni intellektin daha geniş istifadəsi nəticəsində təxminən 2035–2040-cı illərdə tamam fərqli bir mənzərənin şahidi olacağıq. Bu illər çox da uzaqda deyil. Hazırda nazirlik tərəfindən İdarəetmə Sistemləri İnstitutunun açıqlamasına diqqət etsək, artıq müəyyən mənada repetitorluqla barışıldığını görə bilərik.

Əgər “robot repetitor” layihəsi hazırlanaraq ictimaiyyətə təqdim ediləcəksə, düşünürəm ki, bu, ən azı maddi imkanı zəif olan ailələrin övladlarının təhsil almasına dəstək verə bilər. Bundan başqa, həmin “robot repetitor”ların təqdim etdiyi məlumatlar bəzən abituriyentlər üçün daha yadda qalan ola bilər.

Nəticədə, şagirdlər canlı ünsiyyətdən daha çox virtual ünsiyyətə yönələ bilərlər. Onsuz da hazırda müsabiqəyə qatılan 100-130 min abituriyentin təxminən 80-90 faizi mobil telefon, kompüter və planşetlərdən geniş istifadə edir.

Yəni bir növ artıq müasir dövrün nəsli, bunu istər “C”, istərsə də “Z” nəsli adlandırsaq, özünü daha çox virtual mühitdə görür və orada daha çox vaxt keçirir. Bu səbəbdən, texnologiyaya bağlılıq “robot repetitor”lara da ehtiyacı artıracaq və bir müddət sonra biz canlı ünsiyyətdən tamamilə virtual ünsiyyətə keçidi müşahidə edə bilərik”.

Elçin Əfəndi qeyd edib ki, “robot müəllim”lərin insan müəllimləri tam əvəz etməsi mümkün deyil:

“Burada söhbət canlı şəxsiyyətdən gedir. İnsan müəllim jest və mimikaları ilə qarşısındakı abituriyentin onu aldadıb-aldatmadığını daha tez müəyyən edə bilir. Robot isə bunu edə bilməz, yalnız yön verə bilər. Düşünmürəm ki, insan müəllimlərin xidmətini müqayisə ermək və ya tam əvəz etmək mümkün olsun. Bəlkə də 10-15 ildən sonra bu gerçəkləşə bilər, amma yaxın 2-3 il ərzində belə bir reallıq gözlənilmir”.

Təhsil eksperti vurğulayıb ki, hazırkı vəziyyət artıq acınacaqlı mənzərə yaradıb:

“Repetitor bazarına gəldikdə, onsuz da bu sahə kosmik sürətlə inkişaf edir. Artıq elə vəziyyətdir ki, hətta universitetin birinci-ikinci kursunda pedaqoji ixtisaslarda təhsil alan tələbələr belə repetitorluqla məşğul olurlar. Hazırda demək olar ki, ölkədə müəllimdən çox repetitor var. Yəni o dərəcədə acınacaqlı vəziyyətdir.

Ölkədə faktiki olaraq təhsil müəssisələrində 160 min müəllim çalışırsa, onların hər biri onsuz da repetitorluqla da məşğuldur. Bununla yanaşı, məktəbdə çalışmayan, amma repetitor fəaliyyəti göstərənləri də nəzərə alsaq, ölkədə təxminən 300-400 min nəfərin bu sahədə fəaliyyət göstərdiyini görürük”. /Cebheinfo.az/









Mənbə: Turkustan.Az