Əli Əsədov: Vaşinqtonda imzalanan sənəd Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunmasının vacibliyini vurğulayır
Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli sammitin yekununda imzalanmış Birgə Bəyannamə Azərbaycanın irəli sürdüyü və uzun illər ərzində təşviq etdiyi sülhün beynəlxalq səviyyədə geniş dəstək qazandığını və rəsmən qəbul olunduğunu nümayiş etdirir.
“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov hökumətin Azərbaycan Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.
“Birgə Bəyannamə çox əhatəli bir sənəd olmaqla təkcə iki ölkənin uzun illər davam edən silahlı qarşıdurmasına son qoyan sənəd deyil, həm də Azərbaycan xalqının tarixi ədalət uğrunda mübarizəsinin nəticəsi, dövlətimizin siyasi-diplomatik gücünün və beynəlxalq nüfuzunun ifadəsidir”, – o deyib.
Baş nazir qeyd edib ki, illərdən bəri kağız üzərində qalmış BMT qətnamələrini özü həyata keçirmiş, haqq-ədaləti hərb yolu ilə, şəhidlərinin qanı hesabına bərpa etmiş Azərbaycan Ermənistanla sülh müqaviləsinin müəllifi kimi çıxış edərək, münaqişənin siyasi müstəvidə də nöqtəsini qoydu:
“Birgə Bəyannamədə yer alan mühüm müddəalardan biri regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlıdır. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə qətiyyətlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Bütün çətinliklərə, fikir ayrılıqlarına və müxtəlif mövqelərə baxmayaraq Azərbaycan Prezidentinin bu tələbi də Ermənistan tərəfindən qəbul edildi”.
Ə.Əsədov bəyan edib ki, Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini vurğulayır.
“Bu məqsəd üçün ABŞ tərəfindən dəstəklənən xüsusi infrastruktur təşəbbüsü – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRİPP) nəzərdə tutulur. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionun iqtisadi və geosiyasi xəritəsində əhəmiyyətli dəyişiklik yaradacaq”.
Mənbə: Report.Az