DÜNYA

Almaniyanın “Rheinmetall” müdafiə konserni Bolqarıstanda iki hərbi zavod tikəcək

Almaniyanın “Rheinmetall” müdafiə konserni Bolqarıstanda barıt və 155 millimetr kalibrli artilleriya mərmiləri istehsalı üçün iki zavod tikməyi planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə “Avropa İnkişafı Naminə Vətəndaşlar” Partiyasının lideri Boyko Borisov “Facebook” səhifəsində konsernin rəhbəri Armin Pappergerlə görüşdən sonra məlumat paylaşıb.

Borisovun səhifəsində yayımlanan videoda qeyd olunur ki, 155 millimetrlik mərmilər Bolqarıstan ordusu və Avropa üçün vacib olan defisit məhsuldur. 100 min belə mərminin istehsalı planlaşdırılır, həmçinin dron istehsalı müəssisəsinin tikintisi də müzakirə olunur.

Xatırladaq ki, “Rheinmetall” ilə danışıqlar martda başlayıb. O zaman elan edilmişdi ki, zavodların tikintisi ilə bağlı sazişlər yaxın həftələrdə Bolqarıstan parlamentinə ratifikasiya üçün təqdim ediləcək. İnvestisiya həcmi təxminən 1 milyard avro təşkil edəcək.

Mənbə: Report.Az