Gulf Research Center: Cənubi Qafqazda sülh Körfəz ölkələri üçün yeni üfüqlər açır
ABŞ Prezidenti Donald Trampın himayəsi altında avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişi Cənubi Qafqaz üçün tarixi dönüş nöqtəsi kimi regional geosiyasətdə yeni səhifə açır.
“Report” xəbər verir ki, bu barədə Körfəz Tədqiqatlar Mərkəzinin (Gulf Research Center) baş elmi işçisi Leyla Əlinin məqaləsində deyilir.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh Körfəz ölkələri üçün də böyük önəm kəsb edir və Avropa ilə Asiya arasında strateji əhəmiyyətli dəhliz açır.
“Avropa Rusiya enerjisindən asılılığı azaltmağa çalışdıqca, Azərbaycanın rolu və Cənubi Qafqazdan təhlükəsiz tranzitin əhəmiyyəti artır. Ermənistan və Azərbaycan arasında sabit münasibətlər bu marşrutların təhlükəsizliyini gücləndirir və Körfəz dövlətlərinə öz strategiyalarını regionun enerji potensialı ilə uzlaşdırmaq imkanı yaradır. Məsələn, Qətərdən Avropaya LNG ixracı şaxələndirilmiş təchizat mühitindən faydalanır.
Eyni zamanda, Körfəz ölkələrindən olan istehsalçılar enerji infrastrukturu, bərpa olunan enerji layihələrində Azərbaycanla tərəfdaşlıqda sinerji tapa bilərlər”, – müəllif vurğulayıb.
Ekspert hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərdəki sabitliyin Orta Dəhlizin etibarlılığı üçün əsas siyasi maneələrdən birini aradan qaldırması, onu Körfəz ölkələrindən olan investorlar üçün daha cəlbedici təklifə çevirməsi faktı da az əhəmiyyət kəsb etmir.
Mənbə: Report.Az