GÜNDƏM

Ədalətin bərpasından Türk qardaşlığına uzanan yol

Azay Quliyev – Milli Məclisin deputatı

Avqustun 21-də Kəlbəcərə səfəri zamanı Prezident İlham Əliyevin söylədiyi “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik” fikri əslində son illərin bütün siyasi, hərbi və ideoloji xəttinin yekun rəmzidir. 32 ildən sonra kəlbəcərlilərin doğma torpağa qayıdışı həm tarixi ədalətin təntənəsi, həm də dövlətin xalq qarşısında öhdəliklərini necə böyük qətiyyətlə həyata keçirdiyinin göstəricisidir. Böyük Qayıdış proqramının real nəticələr verməsi bir daha təsdiq edir ki, Azərbaycan xalqı nə qədər sarsıntılardan keçsə də, iradəsini və milli birliyini itirməyib.

Bir gün sonra, avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən ikitərəfli Azərbaycan–Türkmənistan, həm də üçtərəfli Azərbaycan–Türkmənistan–Özbəkistan tarixi Zirvə görüşlərində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər isə bu qələbənin regional və beynəlxalq ölçüsünü ortaya qoydu. İkitərəfli görüşlərdə Xəzər üzərindən yükdaşımaların artırılması, Bakı və Türkmənbaşı limanlarının imkanlarının daha sıx əlaqələndirilməsi, eləcə də enerji resurslarının dünya bazarlarına şaxələndirilmiş yollarla çıxarılması kimi məsələlər razılaşdırıldı. Bu, təkcə iqtisadi deyil, həm də strateji təhlükəsizlik və Orta Dəhlizdə fəaliyyətin sıx koordinasiyası baxımından mühüm addımdır.

Üçtərəfli Sammit isə Türk dünyasının yeni bir əməkdaşlıq formatı kimi tarixə düşdü. Burada qəbul olunan qərarlar yalnız siyasi bəyanatlarla məhdudlaşmır, artıq konkret nəticələr görünür. Türkmənistanın Füzulidə məscid, Özbəkistanın isə Xankəndidə sənaye müəssisəsi və Füzulidə məktəb inşa etməsi qardaş ölkələrin Qarabağ və Şərqi Zəngəzurun bərpasında birbaşa iştirakını təsdiqləyir. Bu, sadəcə yardım deyil, ortaq tarixi yaddaşın, dini-mənəvi dəyərlərin və qardaşlıq həmrəyliyinin təzahürüdür.

Beləliklə, Kəlbəcərdəki çıxışla Türkmənbaşı sammitində səslənən mesajlar bir-birini tamamlayır: daxildə ədalətin bərpası və xalqın doğma yurduna qayıdışı, xaricdə isə türk dünyasının həmrəyliyi və strateji əməkdaşlığı. Bu, həm Azərbaycanın müstəqilliyinin və gücünün nəticəsidir, həm də bölgədə sülh, əməkdaşlıq və dirçəlişin əsas təminatçısı olan yeni yol xəritəsidir.

Prezident İlham Əliyevin son çıxışları göstərir ki, Azərbaycanın qarşısında artıq iki paralel missiya dayanır: işğaldan azad olunmuş torpaqlarda həyatın bərpası və Türk dünyası ilə ortaq gələcəyin qurulması. Bu isə xalqımızın həm qələbə iradəsinin, həm də geniş coğrafiyada həyata keçirdiyi tarixi missiyanın bariz göstəricisidir.









Mənbə: Turkustan.Az