GÜNDƏM

“Biznes quruculuğu” və “Biznes marketinq” mövzularında praktiki təlimlər keçirilib – FOTOLAR

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişafına dəstək: Biznes quruculuğu və marketinq üzrə təlimlər keçirildi.

QHT.az xəbər verir ki, Davamlı İnkişafa Doğru İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” layihəsi çərçivəsində “Biznes quruculuğu” və “Biznes marketinq” mövzularında praktiki təlimlər təşkil etmişdir.

Layihənin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın təşviqi, yerli icmaların iqtisadi fəallığının artırılması və regionun dayanıqlı inkişafına töhfə verməkdir. Təlimlərdə iştirak edən sahibkarlar biznes planlaşdırma, maliyyə idarəetməsi, brendinq, rəqəmsal marketinq və müasir satış strategiyaları kimi mövzularda bilik və bacarıqlar əldə ediblər.

Peşəkar mütəxəssislər tərəfindən həyata keçirilən təlimlər interaktiv formada təşkil olunmuş, real biznes nümunələri və tətbiqi məşğələlərlə zənginləşdirilmişdir. İştirakçılara eyni zamanda, dövlətin sahibkarlığa verdiyi dəstək mexanizmləri, güzəştli kredit imkanları və bazara çıxış yolları barədə də məlumatlar təqdim olunmuşdur.

Təlim iştirakçıları bildiriblər ki, əldə etdikləri biliklər onları mövcud və ya yeni qurulacaq biznes fəaliyyətlərində daha məqsədyönlü və effektiv addımlar atmağa həvəsləndirib.

“Davamlı İnkişafa Doğru” İctimai Birliyi bu kimi təşəbbüslərlə regionda iqtisadi canlanmanın artırılmasına, mikro və kiçik sahibkarların gücləndirilməsinə dəstək verməkdə davam edir.









Mənbə: Turkustan.Az