GÜNDƏM

“Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabının təqdimatı keçirildi – FOTOLAR

“Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabının təqdimatı keçirildi Şəhidlərimizə həsr olunan “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində nəşr olunub.

QHT.az xəbər verir ki, tədqiqatçı jurnalist, QHT sədri Əkrəm Bəydəmirlinin müəllifliyi ilə çap olunmuş kitab Xəzər rayonunda doğulmuş və yaxud bu bölgədə müvəqqəti yaşamış 40 şəhidimizin həyat hekayətini əhatə edib. Əsas missiya qəhrəmanlarımızı bədii-fəlsəfi yanaşma ilə geniş auditoriyaya tanıtmaqdır.

Təqdimat avqustun 16-da saat 14:00-da Xəzər Gənclər Evində baş tutub. Tədbiri şair, puplisist, əfsanəvi döyüşçü, şəhid Şahgündüz Cabbarovun atası Kamil Vəfadar (Habil Cabbarov) açaraq kitabın önəmindən danışdı. Daha sonra bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi anıldı.Təqdimatda şəhid ailələri, Xəzər rayon icra hakimiyyətinin nümayəndəsi Məmməd Əliyev, dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri və digər şəxslər iştirak edirdilər. Kitabın mövzu ilə bağlı qısa video kadr nümayiş olundu.

Daha sonra tədbirin aparıcısı qonaqlara söz verdi. Professor Təvəkkül Səlimov, Xəzər rayon icra hakimiyyətinin nümayəndəsi Məmməd Əliyev, bir sıra kitabların müəllifi, BDU-nun müəllimi Nazim Vəlişov, sair, publisist Fəxrəddin Meydanlı, şəhid mayor Asiman Əliyevin bacısı İmmi Əliyeva, şəhid kapitan Elçin Mansurovun anası Məleykə xanım, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri, tanınmış yazar Şahin Qədirov, QHT təmsiçisi Arzu Əliyeva, şairə Svetlana Zeynalova və digər şəxslər çıxış edərək kitabla bağlı fikirlərini bildirdilər. Daha sonra şəhid övladları şeirlər səsləndirdilər. Şəhid Nahid Ağalarovun 6 yaşlı övladı Zəhra qızımız atasına həsr olunmuş mahnını ifa etdi. Bu ifa auditoriya tərəfindən coşquyla qarşılandı.

Tədbirin sonunda kitabın müəllifi, layihə rəhbəri Əkrəm Bəydəmirli çıxış edərək bütün qonaqlara, dəstək göstərən hər kəsə, xüsusilə, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü çatdırdı. Layihə rəhbəri onu da əlavə etdi: “II Qarabağ müharibəsində qazilərimizin, şəhidlərimizin şücaəti hesabına qazanılmış tarixi qələbə yüksək mənəviyyatın qazancı oldu. Qaliblərin xatirəsini əbədiləşdirmək, şəhidlərimizin həyat hekayətini yazmaq şükürdür. QHT-media təmsilçisi olaraq, 1 ilə yaxın müddətdə 40 şəhidin döyüş və həyat yoluna nəzər salaraq “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” adlı kitabı yazıb ərsəyə gətirmək qürurvericidir”.

Xatırladırıq ki, “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı Azərbaycan Milli Elmlər Akademiyası rəyi ilə nəşr olunub. Tədbir xatirə fotosu çəkdirməklə yekunlaşdı.









Mənbə: Turkustan.Az