bdmxeber.azxəbər verir ki, İspaniyanın tanınmış internet kanalı olan EDATV – də Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin rəhbəri, ispandilli ölkələr üzrə tanınmış ekspert Mahir Qurbanov, Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamənin imzalanması haqqında ətraflı məlumat verib. EDATV – də canlı yayımda efirə gedən proqram xüsusi ilə bu mövzuya həsr olunub.
İspandilli ölkələr üzrə ekspert Mahir Qurbanov qeyd edib ki, Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində avqustun 8-də Ağ Evdə keçirdiyi görüşlər Azərbaycanın diplomatiya tarixində tarixi dönüş nöqtəsi kimi yadda qalıb.
Bu səfər nəinki Ermənistan-Azərbaycan sülh gündəliyinin konkret nəticələrə doğru irəliləməsinə ciddi təkan verib, eyni zamanda Azərbaycan-ABŞ münasibətlərini strateji tərəfdaşlıq mərhələsinə də yüksəldib.
Bütün dünya ictimaiyyəti ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan tarixi Birgə Bəyannaməni yüksək qiymətləndirir.
Vaşinqtonda imzalanmış Birgə Bəyannamə, Dövlətimizin başçısının yalnız ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyini müəyyən edən siyasi kursun formalaşdırmasıdır və bu proses məhz onun milli maraqlarımıza sadiqliyinin, prinsipial mövqeyinin və sarsılmaz iradəsinin təntənəsidir, – deyə Mahir Qurbanov qeyd edib.