Təşəbbüs bu bələdiyyənin inzibati binasında irəli sürülüb
Təşəbbüs bu bələdiyyənin inzibati binasında irəli sürülüb
Şirvan şəhər
ağsaqqallarının təşəbbüsü ilə 30 iyul 2025-ci il tarixində Şirvan bələdiyyəsinin
inzibati binasında yas mərasimlərində ehsan süfrələrində yalnız yemək verilməsi
ənənəsinin dayandırılması ilə bağlı geniş tərkibli görüş keçirilib. Bu barədə məlumat adçəkilən bələdiyyədən daxil olub.
Görüşdə
Şirvan bələdiyyəsinin sədri İlham Səfərov, şəhərin tanınmış ağsaqqalları, din xadimləri,
ziyalılar, ictimaiyyət nümayəndələri və bələdiyyə üzvləri iştirak ediblər.
Tədbirdə
çıxış edən ağsaqqallar və din xadimləri qeyd ediblər ki, yas mərasimlərinin əsas
məqsədi mərhumun ruhuna ehtiram göstərmək, ailəyə mənəvi dəstək olmaqdır. Bu isə
süfrə açmaqla deyil, dua oxunması, Qurani-Kərim tilavəti və anım xarakterli sadə
mərasimlərlə həyata keçirilməlidir. Onların sözlərinə görə, yalnız yemək verilməsi
ənənəsi dini baxımdan vacib hesab olunmur və əksər hallarda ailələr üçün artıq
xərc və sosial təzyiqə səbəb olur.
Çıxışlar
zamanı xüsusilə vurğulanıb ki, təşəbbüs yalnız ehsan süfrələrində yemək verilməsinin
dayandırılmasını nəzərdə tutur. Digər dini ayinlər – yasin oxunması, duaların
edilməsi və anım mərasimləri əvvəlki qaydada davam etdirilə bilər və bu adətlər
cəmiyyətin mənəvi dəyərlərinin bir hissəsi olaraq yaşadılmalıdır.
Ağsaqqalların
və din xadimlərinin yekdil fikrinə əsasən, bu qərarın əsas məqsədi yas məclislərində
israfçılığın qarşısının alınması, ailələrin üzərinə düşən əlavə maliyyə yükünün
aradan qaldırılması və dini-mənəvi dəyərlərin qorunub saxlanılmasıdır.
Görüşün
sonunda qərara alınıb ki, Şirvan şəhərində yas mərasimlərində yalnız yemək
verilməsi ənənəsinə son qoyulsun, bununla bağlı şəhər əhalisi arasında maarifləndirmə
işləri aparılsın və ictimaiyyətin dəstəyi ilə bu təşəbbüs mərhələli şəkildə həyata
keçirilsin.
Şirvan bələdiyyəsi
Mənbə: Meneviyyat.Az/