Rus generalın “dağları aşıb, Bakıya hücum edərik” bəyanatına sərt cavab – “Cavabı ağır olar”
Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev Azərbaycanı təhdid etmədiyini bildirib. O, bu barədə RTVI-ya müsahibəsində azərbaycanlı deputat Rasim Musabəyovun ona cavabı haqda danışarkən deyib. Qurulev əslində bu dəfə Azərbaycanı daha sərt ritorika ilə hədələyib. Belə ki, Bakının NATO-ya yaxınlaşmasının Azərbaycana qarşı xüsusi əməliyyata başlamasına səbəb ola biləcəyini söyləyib və bu kontekstdə Ukraynanı misal göstərib.
R. Musabəyovun ölkələr arasında sərhəddə dağlar olduğuna görə Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat” keçirmək mümkün olmadığı barədə sözlərinə isə belə cavab verib: “Mən hamıya, dostlarıma Çeçenistanı xatırladıram. Orada dağlar az deyil”.
Qurulev bir yandan yeni açıqlama verərək deyir ki, Azərbaycanı hədələməyib, amma bir yandan da elə o “təkzibdə” Rusiyanın Azərbaycana hərbi təcavüz edə biləcəyini istisna etməyən bəyanatla çıxış edib.
Rəsmi Bakı son günlər Rusiyadan artan bu tip hədələrlə bağlı BMT-ə və başqa beynəlxalq qurumlara müraciət edə bilərmi? Bu hədələr ciddiyə alınmalıdırmı?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Rusiyada son bir ildə Azərbaycanın əleyhinə çıxış edənlərin sırasına indi də ehtiyatda olan keçmiş general Qurulev qoşulub:
“Bu kimi şəxslərin bəyanatları Rusiya dövlətinin mövcud vəziyyətini əks etdirir. Sözlərinə məsuliyyət daşımayan, bəzən də qeyri-ciddi təsir bağışlayan bu açıqlamalar münasibətlərin gərginləşməsinə səbəb olur. Son 8 ayda Rusiyanın apardığı əks-təbliğat kampaniyası ikitərəfli əlaqələrə ciddi zərər vurub.
Qurulev və digərlərinin Azərbaycanı hədələməsinin nə əsası, nə də Rusiyanın bunu həyata keçirmək imkanı var. Bu tipli bəyanatların əvvəlcədən planlaşdırıldığı ehtimal olunur. Ukrayna müharibəsinin başlanmasından etibarən biz qeyd etmişik ki, Rusiyanın növbəti hədəfi Azərbaycan ola bilər. Səbəblər aydındır: Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, müstəqil siyasət yürütməsi, yeni reallıqları qəbul etdirməsi, müasir təhlükəsizlik, müdafiə sisteminə keçməsi və sovet modelindən uzaqlaşması. Dövlət və cəmiyyət olaraq bu təhdidləri diqqətlə izləyir, həmrəy mövqe nümayiş etdiririk”.
Oqtay Qasımov
Politoloq qeyd edib ki, istənilən təhdid adekvat cavablandırılmalıdır:
“Rusiya ilə münasibətlərin pozulmasında maraqlı deyilik, amma Azərbaycanın müstəqil dövlət kimi qəbul olunması vacibdir. Rusiya siyasətçiləri XIX əsr imperiya düşüncəsindən imtina edib, müasir dövrün tələblərinə uyğun münasibətlər qurmalıdır. Bununla bağlı beynəlxalq qurumlara müraciət zəruri hesab edilmir, çünki bu, əlavə gərginlik yarada bilər. Lakin bu tip açıqlamalara təmkinli, amma sərt cavab verilməsi vacibdir”.
Mənbə: Turkustan.Az