GÜNDƏM

General Bəxtiyar Ersay Azərbaycandan GEDİR?

Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı, Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersaya yeni vəzifə verilib. Sərəncama əsasən, Bəxtiyar Ersay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub.

Xatırladaq ki, avqustun 5-də imzalanmış digər sərəncamla Bəxtiyar Ersaya ordu generalı rütbəsi də verilib.

Qeyd edək ki, Bəxtiyar Ersay 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı kimi xidmətə başlayıb. O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın son sərəncamı bir məsələni gündəmə gətirib: məsələ burasındadır ki, general Bəxtiyar Ersayın komandan təyin olunduğu Birinci Ordu korpusu Türkiyənin əsas ordu birləşməsi sayılır və qərargahı İstanbul şəhərində yerləşir. Belədə sual yaranır ki, Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsini tərk edərək Türkiyəyə qayıdacaq?

Məsələ ilə əlaqədar hərbi mənbələrdən Modern.az-a bildirilib ki, general Bəxtiyar Ersayın Azərbaycandakı vəzifəsinə, yəni müdafiə nazirinin müşaviri kimi fəaliyyətinə davam edib-etməyəcəyi Türkiyə tərəfinin bu barədə verəcəyi qərardan asılı olacaq.

General B.Ersay əslən Türkiyənin Tunceli vilayətinin Çemisgezek mahalındandır.

O, İşıklar hərbi liseyində, sonra hərbi akademiyada təhsil alıb.

Akademiyanı kapitan rütbəsilə bitirən Ersay hərbi attaşe kimi Türkiyəni Tunisdə təmsil edib.

Prezident Müəmmar Qəddafinin ölümü ilə əlaqədar Liviyada baş verən qarmaqarışıqlıq zamanı minlərlə Türkiyə vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında B.Ersay dayanmışdı.

Son illər Türkiyədə PKK-ya qarşı ən böyük antiterror əməliyyatları həyata keçirən generallardan biri də B.Ersay olub.

General B.Ersayın sonuncu vəzifəsi Türkiyə Quru Qoşunları komandanının əməliyyat məsələləri üzrə müavini postu idi.

B.Ersay 2020-ci ildəki Vətən müharibəzi zamanı Türkiyə Ordusunun Azərbaycandakı Xidmət Qrupu Komandanlığına təyin edilmişdi.









Mənbə: Turkustan.Az