MƏDƏNİYYƏT

Bakıda “Xankəndi hekayəsi” adlı sənədli filmin təqdimatı keçirilib

Bakıda “Xankəndi hekayəsi” adlı sənədli filminin təqdimatı keçirilib.

“Report” xəbər verir ki, tədbirdə bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) sədri, icimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli filmdə Azərbaycana və onun mədəni irsinə qarşı vandal münasibətin göstərildiyini qeyd edib.

“Eyni zamanda burada Azərbaycana qarşı beynəlxalq hüququn pozulması, həmçinin işğaldan azad olunduqdan sonra Qarbağa qayıdış motivi özünü göstərir”.

Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli isə 15 oktyabr 2023-cü ildə Azərbaycanın suverenliyinin bərpa edilməsinə toxunub.

“Prezident İlham Əliyevin Xankəndidə dövlət bayrağımızı qaldırması bizim üçün böyük bir iftixar idi”, — o bildirib.

Daha sonra “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, həmçinin sənədli filmin ssenari müəllifi Bəxtiyar Qaraca öz fikirlərini bölüşüb.

Çıxışların ardınca filmin nümayişi baş tutub.

Qeyd edək ki, layihə “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi tərəfindən ərsəyə gətirilib.

Ekran işində Qarabağın qədim şəhəri Xankəndinin tarixi, mədəni irsi və məcburi köçkünlərin yaddaşında yaşayan doğma yurd həsrəti əsas götürülüb.

Sənədli film real şahidlərin dilindən, arxiv kadrlar və foto-video materiallar əsasında hazırlanıb.

Layihənin məqsədi yalnız itirilmiş yurdun xatirəsini yaşatmaq deyil, həm də Qarabağın bərpası və gələcək nəsillərə ötürüləcək həqiqətlərin sənədli salnaməsini yaratmaqdır.

Foto: Mircavid Eminoğlu

Mənbə: Report.Az