SİYASƏT

Vaşa Lazlo Vaşinqtondakı razılaşmalar haqqında: Cənubi Qafqaz strateji ticarət dəhlizinə çevrilə bilər

Vaşinqtonda avqustun 8-də Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflandığı sammitin nəticələri sülh prosesində mühüm diplomatik irəliləyişə nail olunduğunu nümayiş etdirir.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert, Macarıstan Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun baş elmi işçisi professor Vaşa Lazlo bildirib.

“Bu sammit otuz ildən çox davam edən və onminlərlə insanın həyatına son qoyan münaqişədə misligörünməmiş diplomatik irəliləyişdir. Bunun fonunda Vaşinqton görüşü siyasi iradənin rəmzi və dəyişən geosiyasi dinamikanın təzahürüdür, çünki Birləşmiş Ştatlar Rusiyanın uzun müddət ərzində icra etdiyi rolu öz üzərinə götürür”, – o bildirib.

Lazlo qeyd edib ki, tərəflər bütün məsələləri qəti surətdə həll edərsə, Cənubi Qafqaz strateji ticarət və əməkdaşlıq dəhlizinə çevrilə bilər.

“Azərbaycan üçün razılaşmaların formatı əldə edilmiş son hərbi və diplomatik nailiyyətləri möhkəmləndirir, iqtisadi imkanlar açır. Ermənistan üçün isə sabitlik, iqtisadi inteqrasiya və xarici siyasət kursunu yenidən qiymətləndirmə perspektivləri açılır”, – ekspert bildirib. O vurğulayıb ki, sərhədin demarkasiyasının praktiki aspektləri ilə bağlı vacib məsələ hələ də gündəlikdədir.

Lazlo Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.

“Macarıstan potensial etimad quruculuğu tədbiri kimi Ermənistanın siyasi gündəliyindən ərazi iddialarının çıxarılmasını alqışlayır”, – o vurğulayıb.

Mənbə: Report.Az