GÜNDƏM

Bakının Rusiya ilə bağlı daha bir addımı – ən tutarlı cavab…

Xəbər verdiyimiz kimi, avqustun 12-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib. Bu dəfə Azərbaycan iclasa qatılmaqdan imtina edib.

Bəs bu gedişat ölkəmizin MDB-dən çıxması ilə nəticələnə bilərmi və ümumi proses nədən xəbər verir?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmiş MDB-yə Azərbaycan 24 sentyabr 1993-cü ildə üzv olmuşdu:

“Həmin vaxt MDB-yə üzvlükdə ən vacib məqsədlərdən biri Ermənistanın bu birlik daxilində ölkəmizə qarşı planlarının qarşısını almaq idi.

MDB ilə bağlı gözləntilər tam olaraq özünü doğrultmasa da, birlikdə üzvlük bizə MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq, arasında mövcud olmuş münaqişəyə görə veto qoymaq imkanı yaratdı. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan verdi.

Ümumilikdə Azərbaycan MDB çərçivəsində inteqrasiyanın respublikaların müstəqilliyini məhdudlaşdıra biləcək şəkildə inkişaf etməsinə hər zaman mane olmuş, mane ola bilmədiyi proseslərdə isə özünü kənarda saxlamağı bacarmışdır. Başqa sözlə, keçən dövr ərzində Azərbaycan yalnız qarşılıqlı faydalı hesab etdiyi məsələlərdə, ölkəmizin maraqlarına cavab verdiyi halda, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı davam etdirmişdir. Hər hansı məsələnin maraqlarımıza cavab vermədiyi hallarda isə müstəqil mövqeyini qoruyub saxlamağı bacarmışdır.

Məsələn, MDB Dövlət Başçıları Şurasının 2011-ci il oktyabrın 18-də Sankt-Peterburqda keçirilən iclasında MDB azad ticarət zonası ilə bağlı müqavilə imzalansa da, Azərbaycan bu müqaviləni imzalamaqdan imtina etmiş və iqtisadi müstəqilliyini qoruyub saxlamışdır. Kömrük İttifaqı, Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlarda təmsil olunmamaqla da öz mövqeyini ortaya qoymuşdur.

Əslində son dövrlərdə Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyin səbəbi ölkəmizin müstəqil mövqeyini qoruması ilə birbaşa bağlıdır. Rusiyanın bütün təzyiqlərinin – istər təyyarənin vurulması, istər Yekaterinburq və digər şəhərlərdə soydaşlarımıza qarşı hücumlar, istər Rusiyada yaşayan iş adamlarımızla bağlı baş verən qanunsuzluqlar, istərsə də Odessa istiqamətindəki qaz kəməri sisteminə və SOCAR-ın neft anbarına edilən raket hücumları – arxasında ölkəmizi ram etmək istəyi dayanır”.


Rəşad Bayramov

Politoloqun sözlərinə görə, bütün bunların fonunda rəsmi Bakının Rusiyada keçirilən MDB iclaslarında iştirakdan imtina etməsi tamamilə məntiqli və düzgün addımdır:

“Məlumdur ki, MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina ilk belə addım deyil. Bundan əvvəl də Azərbaycan MDB-nin İqtisadi Şurasının Moskvada keçirilən iclasında iştirakdan imtina etmişdi.

Azərbaycan onsuz da uzun illər ərzində MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Üzv dövlətlərin Ermənistan istisna olmaqla hər biri ilə kifayət qədər yaxşı ikitərəfli münasibətləri mövcuddur. Yəni, sabah MDB üzvlüyündən çıxmağımız bizə böyük ölçüdə problem yaratmayacaq.

Digər tərəfdən, istənilən dövlətin hansısa birlikdə təmsilçiliyi ölkə üçün faydalı olduğu halda məqbul hesab edilir. Əgər üzv olduğumuz birlik qarşılıqlı faydalı münasibətləri təmin etmirsə və ölkənin maraqlarına cavab vermirsə, həmin birlikdə təmsilçiliyə ehtiyac qalmır. Odur ki, rəsmi Bakı da MDB-nin maraqlarımıza cavab vermədiyi və müstəqil siyasi, iqtisadi fəaliyyətimizə mane olduğu qənaətinə gələcəksə, üzvlükdən imtina da daxil, istənilən addımı ata bilər. Lakin düşünürəm ki, belə qərarın qəbulu hələ ki, tezdir”.









Mənbə: Turkustan.Az