SİYASƏT

Vaşinqton görüşü Cənubi Qafqazın diplomatiya tarixində dönüş nöqtəsinə çevrildi – RƏY

Vaşinqton görüşü həm də Cənubi Qafqazın diplomatik mənzərəsini dəyişdirən strateji qərarların qəbul olunması ilə yadda qaldı.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O bildirib ki, görüş zamanı ATƏT-in Minsk Prosesi və onunla bağlı bütün strukturların fəaliyyətinin rəsmən dayandırılması təsadüfi deyil:

“Minsk qrupu uzun illər ərzində Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün beynəlxalq mandata malik olsa da, illərlə davam edən fəaliyyəti real nəticə verməmiş, proses isə faydasız görüşlər və formal bəyanatlarla məhdudlaşmışdı. İkinci Qarabağ müharibəsindən sonra isə vəziyyət kökündən dəyişdi. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etdi. Bunun nəticəsində Minsk qrupunun mandatı faktiki olaraq əhəmiyyət kəsb etmədi və o qurum iflic vəziyyətinə düşdü”.

Deputatın sözlərinə görə, Minsk qrupunun mövcudluğuna son qoyulması həm də mühüm siyasi mesajdır:

Şahin Seyidzadə

“Bu, xüsusilə Fransaya ünvanlanan bir siqnal kimi qiymətləndirilə bilər. Çünki Fransa qrupun həmsədrlərindən biri olaraq postmünaqişə dövründə də birtərəfli və qərəzli mövqe sərgiləyərək obyektiv vasitəçilik potensialını tam itirmişdi. ABŞ isə Minsk qrupunun həmsədri olmağına baxmayaraq Vaşinqton görüşündə yeni reallıqları qəbul etdiyini göstərdi, həmçinin vasitəçiliyini effektsiz format üzrə deyil, daha praqmatik və nəticəyönlü mexanizmlər əsasında qurduğunu nümayiş etdirdi.

Bununla Azərbaycan beynəlxalq ictimaiyyətə aydın mesaj verdi ki, ölkə öz problemlərini beynəlxalq hüquq əsasında, müstəqil şəkildə həll etmək gücündədir və köhnəlmiş formatlara ehtiyac yoxdur. Eyni zamanda bu, regiondakı sülh prosesinin yeni mərhələyə qədəm qoyduğunu, tərəflərin artıq real diplomatik nəticələr üzərində işləməyə hazır olduqlarını təsdiqlədi”.

Ş.Seyidzadənin fikrincə, üçtərəfli görüş yalnız sülh sazişinin paraflanması ilə deyil, həm də illərlə davam edən, lakin nəticəsiz qalan Minsk prosesinə son qoymaqla Cənubi Qafqazın diplomatiya tarixində dönüş nöqtəsinə çevrildi:

“Bu qərar regionda yeni geosiyasi balansın formalaşmasına, eləcə də beynəlxalq vasitəçilik mexanizmlərinin yenilənməsinə mühüm töhfə oldu”.

Mənbə: Report.Az