Sülh sənədində gözdən qaçan məqamlar – Sabiq dövlət müşaviri izah edir
“Azərbaycanla Ermənistan arasında paraflanan sülh sazişi həm də regional və beynəlxalq hüququn təmin olunmasıdır. Sənədin mahiyyəti və strukturu bir daha göstərir ki, rəsmi Bakı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ədalətli sülhə nail olmaqda israrlıdır”.
Bu sözləri Globalinfo.az-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin mətnini şərh edərkən deyib:
O bildirib ki, Saziş tərəflərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət prinsipi üzərində qurulub:
“Bu, Azərbaycanın 30 ilə yaxın işğal qalmış torpaqları ilə bağlı illərlə səsləndirdiyi hüquqi və siyasi mövqeyin tam tanınması deməkdir. Xüsusilə I və II maddələrdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı tanıması, gələcəkdə hər hansı ərazi iddialarından rəsmi şəkildə imtina etməsi regionda sülh üçün zəmanət yaradır.
Bu sənədin başqa bir mühüm tərəfi, sadəcə, münaqişənin bitməsi deyil, dövlətlərarası münasibətlərin qurulması üçün strukturlaşdırılmış hüquqi çərçivə təklif etməsidir. Maddə 5-də diplomatik münasibətlərin qurulması öhdəliyi, Azərbaycan diplomatiyasının əsas məqsədlərindən biri olan münasibətlərin institusional əsasda tənzimlənməsi istiqamətində mühüm addımdır. Bu, həm də Ermənistanın artıq “qarşı tərəf” deyil, “bərabərhüquqlu dövlət” kimi davranmağa razılıq verdiyi anlamına gəlir.
Sazişdə yer alan sərhədin delimitasiya və demarkasiyası məsələsi də diqqət çəkir. Maddə 6 bu prosesi beynəlxalq hüququn alətləri çərçivəsində davam etdirməyi, danışıqların vicdanla aparılmasını tələb edir. Bu, Azərbaycanın hər zaman müdafiə etdiyi “Xəritələrlə və hüquqi sənədlərlə işləmək” prinsipinin sənədləşmiş formasıdır”.
Qabil Hüseynli
Politoloq hesab edir ki, Ermənistanın qarşılıqlı sərhədlərdə üçüncü qüvvələri yerləşdirməyəcəyi öhdəliyi (Maddə VII) regionda təhlükəsizlik balansının qorunması baxımından həyati əhəmiyyət daşıyır:
“Bu, Azərbaycanın bölgədə sabitlik üçün tələb etdiyi əsas şərtlərdən biri idi. Tərəflərin sülhü pozacaq fəaliyyətlərdən uzaq duracaqlarını təsdiqləmələri (Maddə XV) önləyici siyasi mexanizm yaradır.
Sazişdə Azərbaycanın maraqlarına uyğun mühüm humanitar bəndlər də yer alır. Maddə 11-də itkin düşmüş şəxslərlə bağlı konkret əməkdaşlıq mexanizmləri və beynəlxalq tərəfdaşlığa açıq yanaşma, Ermənistanın illərlə gizlətdiyi minalanmış ərazilər və itkin azərbaycanlılarla bağlı məsuliyyət daşıdığını faktiki olaraq qəbul etdiyini göstərir. Bu yanaşma ədalət, humanitar hüquq və etimadın bərpası baxımından önəmlidir.
Sazişin beynəlxalq hüquqa uyğunluğu və tərəflərin digər dövlətlərlə olan müqavilə öhdəliklərinə xələl gətirməməsi (Maddə XI), Azərbaycanın regional və qlobal əməkdaşlıq prioritetləri ilə ziddiyyət təşkil etmədiyini, əksinə, onları tamamladığını sübut edir. Bu, Azərbaycanın balanslı xarici siyasətinin, tərəfdaşlığa açıq və hüquqa söykənən mövqeyinin əyani göstəricisidir.
Ən nəhayət, bu sənədin hüquqi sabitliyini təmin edən bəndlər XIII və XIV maddələrdə göstərilən nəzarət və mübahisələrin həlli mexanizmləridir. Bu sənədin icrasına nəzarət imkanı verən ikitərəfli komissiyanın yaradılması gələcəkdə mümkün təxribatların qarşısının hüquqi və diplomatik yollarla alınmasına zəmanət yaradır”.
Mənbə: Turkustan.Az