Paşinyan və Aİ Şurasının sədri Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının sədri Antonio Koşta arasında telefon danışığı aparılıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə məlumat verib.
“Baş nazir 2025-ci il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələri, xüsusilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması, ATƏT-in Minsk qrupunun mexanizmlərinin buraxılması ilə bağlı təşkilata birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlı əsasda regional kommunikasiyaların açılmasını, eləcə də ” Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsi barəsində Aİ Şurasının sədrinə məlumat verib”, – o qeyd edib.
N.Paşinyan vurğulayıb ki, bərqərar olmuş sülh Ermənistan-Aİ əməkdaşlığının genişləndirilməsi üçün yeni investisiya imkanları açır.
Tərəflər həmçinin Ermənistan-Aİ gündəliyinə dair məsələləri, eləcə də Avropa Siyasi Birliyinin 2026-cı ilin yazında Ermənistanda keçiriləcək sammiti ilə bağlı təşkilati məsələləri müzakirə ediblər.
Mənbə: Report.Az