GÜNDƏM

Dünyanın taleyini dəyişən əşya: Əliyevin Ağ Evdən götürdüyü qələmin qiyməti və sirri – FOTO

Avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında sənədlərin imzalanmasından sonra qələm detalı gündəm olub. Belə ki, Prezident İlham Əliyev sülh sazişi imzaladığı qələmi götürüb və Paşinyana da eyni şeyi təklif edib. Məlumata görə, sözügedən qələm məşhur “Cross” brendinə məxsusdur. Bu brendin məhsulu ABŞ-da rəsmi tədbirlər və diplomatik görüşlər zamanı tez-tez istifadə olunur.

Turkustan.az Globalinfo.az-a istinadladünyanın gedişatını dəyişən qələmlərlə bağlı yazını təqdim edir:

Böyük Britaniyada mühüm sənədlərin imzalanmasında “Parker”, “Waterman” və “Cross” kimi prestijli qələmlərə üstünlük verilir. Bu markalar uzun illərdir yüksək statuslu yazı alətləri arasında yer alır.

Türkiyədə də rəsmi mərasimlərdə və sənədlərin imzalanma prosesində daha çox “Waterman”, “Parker” və “Montblanc” brendlərindən istifadə olunur. Xüsusilə “Montblanc” dünya miqyasında prestij və status simvolu sayılır, tez-tez yüksək səviyyəli dövlət tədbirlərində görünür.

Ölkədən asılı olaraq, fərqli qələm brendlərinə üstünlük verilsə də, ümumi meyar dəyişmir: yüksək keyfiyyət, etibarlılıq və vizual estetika əsas kriteriyalardır. Əgər sənətkarlıq və dizayn ön plandadırsa, “Montblanc” seçilir; daha sadə, lakin etibarlı variantlar üçün isə “Cross” və “Parker” kimi brendlərdən müraciət olunur.

“Cross” brendinin qələmi

Vaşinqton görüşündə istifadə edilən “Cross” qələmi isə 1846-cı ildə yaradılmış ABŞ brendinindir və bu gün də ölkədə yazı alətləri üzrə ən qədim, aparıcı istehsalçılardan sayılır. Şirkətin məhsulları həm keyfiyyət, həm də funksionallığı ilə seçilir.

Cavid adlı azərbaycanlı bloger həmin qələmin mağaza üçün nəzərdə tutulan modelini 85 dollara (təxminən 145 manat) aldığını bildirib. Lakin prezidentlərin sənədləri imzaladığı xüsusi kolleksiya modellərinin qiyməti ictimaiyyət üçün açıqlanmır və satışda olmur.

Ümumilikdə qələm hələ qədim zamanlardan dünyanın gedişatına yön verən əşya kimi tanınıb. Dövlətlər savaşları və barışları məhz bu əşya ilə başladıb, bitiriblər. Filmlərdə də bu detal xüsusi məna daşıyır: məsələn, qələmin qırılması çox vaxt ölüm hökmü və ya geri dönüşü olmayan qərar kimi təsvir olunur. Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə yaşasaq da, qələm funksionallığını və simvolik gücünü hələ də qoruyub saxlayır.









Mənbə: Turkustan.Az