Cənubi Qafqazda sülhün yeni səhifəsi
Prezident İlham Əliyev: “Bu gün Azərbaycan və Ermənistan arasında imzalanan sənəd isə bizim niyyətlərimizi açıq şəkildə göstərir”
Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rola malik ölkədir. ABŞ ilə strateji əməkdaşlıq formatı, xüsusilə müdafiə və terrorçuluğa qarşı mübarizə sahələrində birgə fəaliyyətləri genişləndirəcək. Bu əməkdaşlıq, yalnız iki ölkə arasında deyil, həm də Qafqaz və daha geniş coğrafiyada təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə xidmət edəcək. Əlavə olaraq, Azərbaycanın tranzit potensialı və onun Orta Dəhliz üzərindəki rolu, enerji təhlükəsizliyi və logistik infrastruktur baxımından da ABŞ üçün strateji önəm daşıyır. 2025-ci ilin avqust ayında Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində Ağ Evdə verdiyi bəyanat, Azərbaycan diplomatiyasının və xarici siyasətinin mühüm dönüş nöqtəsi kimi tarixə düşür. Prezidentin sözləri ilə desək, “biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq: “Eyni zamanda, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir.
Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir – qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq. Böyük imkanlar, fürsətlər açılır. Azərbaycan bu istiqamətdə inkişaf edəcək, ölkənin iqtisadiyyatını şaxələndirəcəyik və bu gün də olduğu kimi, işsizliyi daha da azaldacaq, eyni zamanda, gələcəyə böyük nikbinliklə baxacağıq”. Bu bəyanat təkcə iki ölkə arasında münasibətlərin səviyyəsinin yüksəlməsini deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq siyasətdə artan rolunu və strateji əhəmiyyətini əks etdirir.
ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq formatının qurulması, bu münasibətlərin sadəcə diplomatik və ya ticarət çərçivəsində deyil, çoxşaxəli və uzunmüddətli əməkdaşlıq ruhunda inkişaf etdiriləcəyini göstərir. Prezident Əliyevin vurğuladığı kimi, qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, eləcə də terrorçuluğa qarşı mübarizə daxil olmaqla bir çox sahələr bu əməkdaşlığın əsas sütunlarını təşkil edəcək. Bu, həm Azərbaycanın qlobal siyasətdə etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir, həm də ölkəmizin daxili inkişaf strategiyasına güclü dəstək verəcək mühüm addımdır. Belə bir əməkdaşlıq formatı, Azərbaycan üçün həm böyük imkanlar, həm də ciddi öhdəlik və məsuliyyətlər doğurur.
Əldə olunan razılaşmalar və gələcəkdə imzalanacaq sənədlər çərçivəsində Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, texnoloji potensialının artırılması və süni intellekt kimi müasir sahələrə inteqrasiyası istiqamətində böyük perspektivlər açılır. Azərbaycanın tranzit ölkə kimi rolu daha da güclənəcək, regionda iqtisadi mərkəz kimi mövqeyi möhkəmlənəcək. Eyni zamanda, bu əməkdaşlıq nəticəsində işsizliyin azaldılması, yeni iş yerlərinin yaradılması və yüksək texnologiyalı sahələrin inkişafı reallaşa bilər. Bu isə birbaşa vətəndaşların rifahına və ölkənin dayanıqlı inkişafına xidmət edəcək.
ABŞ kimi bir güc mərkəzi ilə strateji tərəfdaşlıq, Azərbaycanın regional və beynəlxalq aləmdəki geosiyasi çəkisini də artırır. Qafqaz və Orta Asiya regionlarının enerji və təhlükəsizlik məsələlərində vacib aktoru olan Azərbaycan, bu format vasitəsilə həm regional sabitliyə töhfə verəcək, həm də beynəlxalq təhlükəsizlik məsələlərində aktiv tərəfdaş kimi çıxış edəcək. Terrorçuluğa qarşı birgə mübarizə, kiber təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq da bu tərəfdaşlığın strateji dərinliyini göstərən əsas məqamlar sırasındadır.
Prezident İlham Əliyevin Ağ Evdə verdiyi bəyanat, yalnız Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu deyil, eyni zamanda, Azərbaycanın gələcəyə olan inamını və dayanıqlı inkişaf strategiyasını da əks etdirir. Strateji tərəfdaşlıq – təkcə diplomatik status deyil, həm də etimad, qarşılıqlı hörmət və ümumi dəyərlər üzərində qurulan əlaqələrin rəmzidir. Bu mühüm siyasi hadisə, Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da gücləndirəcək, ölkənin gələcək inkişafına yeni impuls verəcək. Azərbaycan xalqı bu tərəfdaşlıq formatının faydalarını yaxın illərdə daha aydın şəkildə hiss edəcək, dövlətin apardığı xarici siyasətin nəticələrini gündəlik həyatında görəcək.
Avqustun 8-i tarixə sadəcə bir diplomatik hadisə kimi deyil, Cənubi Qafqazda onilliklər davam edən münaqişəyə son qoyacaq dönüş nöqtəsi kimi düşür. Azərbaycan Prezidenti tərəfindən verilən bəyanat, regional sabitlik və beynəlxalq əməkdaşlıq baxımından yeni mərhələnin başlandığını təsdiqləyir. Sözün əsl mənasında, bu gün “sülh günüdür”. Azərbaycan və Ermənistan 1991-ci ildə müstəqilliklərini əldə etdikdən sonra, sülh içində bir gələcək qurmaq əvəzinə, müharibə və qarşıdurma ilə dolu bir tarixi yaşamışdır. Qarabağ münaqişəsi bölgədə minlərlə insanın həyatına son qoymuş, milyonlarla insanı doğma torpağından didərgin salmış, iqtisadiyyatlara və insan münasibətlərinə dərin yaralar vurmuşdur. Bu gərginlik, təkcə iki ölkənin deyil, bütün regionun gələcəyini kölgədə saxlamış, inkişafı ləngitmişdir. Ancaq bugünkü bəyanatla bu zəncirin qırıldığına dair ciddi bir ümid yaranır. Prezident İlham Əliyevin bəyanatında xüsusi olaraq qeyd etdiyi “Tramp rifah və sülh marşrutu”, təkcə bir siyasi təşəbbüs deyil, bölgədə uzunmüddətli sabitlik, iqtisadi inteqrasiya və ictimai barış üçün bir platformadır. Bu təşəbbüs, divarları aradan qaldıran, əlaqələr yaradan, sərmayə və rifah gətirən bir yol xəritəsi rolunu oynayacaq. Bu marşrut, Cənubi Qafqazın bir zamanlar münaqişə zonası kimi tanınan xəritəsini, kommunikasiya və əməkdaşlıq mərkəzinə çevirmə potensialına malikdir. Söhbət yalnız iqtisadi imkanlardan deyil, eyni zamanda, xalqlar arasında etimadın bərpasından, insanların bir-birini yenidən tanımasından gedir.
Prezident Əliyevin xüsusi olaraq Prezident Donald Trampın rolunu qeyd etməsi, bu prosesin təkcə regional deyil, qlobal dəstək əsasında həyata keçirildiyini göstərir. ABŞ-ın vasitəçilik səyləri, xüsusilə də Tramp administrasiyasının təşəbbüsü ilə sülh dialoqunun reallaşması, diplomatik baxımdan mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin Ağ Evdə Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibə də açıq şəkildə bəyan edib ki, Azərbaycan sülh istəyir və bu məqsədlə Ermənistanla imzalanmış sənəd bu niyyətin göstəricisidir. O, sülhün təkcə münaqişənin başa çatması ilə yox, əlaqələrin qurulması ilə də tamamlandığını vurğulayıb: “Bu gün Azərbaycan və Ermənistan arasında imzalanan sənəd isə bizim niyyətlərimizi açıq şəkildə göstərir.
Biz sülh istəyirik, amma, eyni zamanda, əlaqə istəyirik. Ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçid yaratmaq istəyirik ki, bu da daha geniş region, hətta Ermənistan üçün çoxlu imkanlar açacaq. Ermənistanın Baş naziri ilə görüşlərdən birində ona dedim ki, Ermənistan tranzit ölkəyə çevrilə bilər. Bildirdim ki, siz tranzit ölkə olmağın nə demək olduğunu bilmirsiniz, çünki heç vaxt olmamısınız. Yalnız Azərbaycan vasitəsilə tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil. Siz isə tranzit ölkə olmağın faydalarını görəcəksiniz.
Biz özümüz də daha güclü tranzit ölkə olmağa çalışırıq. Ərazimizdən keçən nəqliyyat dəhlizlərinin yükdaşımada daha çox iştirak etməsini istəyirik. Bu isə həm pul, həm iş yerləri, həm də siyasi təsir deməkdir. Ermənistan isə illərlə özünü bu imkanlardan məhrum edib”. Prezident İlham Əliyevin sözlərindən aydın görünür ki, Azərbaycan təkcə hərbi-siyasi baxımdan deyil, həm də iqtisadi və logistik imkanlarını diplomatik alətə çevirərək regionda dayanıqlı sülhün qurulmasına çalışır. Bu yanaşma həm Azərbaycanın milli maraqlarına cavab verir, həm də regionun ümumi inkişafı üçün mühüm baza yaradır. Azərbaycanın sülhə çağırışı və tranzit təklifləri Ermənistan üçün də tarixi fürsətdir. Bu fürsətin necə dəyərləndiriləcəyi isə Ermənistan rəhbərliyinin gələcəyə necə baxmasından asılı olacaq.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Mənbə: Diaspornews.Az