22 İyul – Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təbrik
22 İyul – Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təbrik
Hörmətli jurnalistlər, dəyərli Mingəçevir ictimaiyyəti!
Bu gün – 22 iyul tarixi Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin qeyd edildiyi əlamətdar bir gündür. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız uzun və şərəfli bir inkişaf yolu keçərək bu gün özünün yeni mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan mətbuatı daim xalqın maariflənməsində, milli kimliyin qorunmasında, dövlətçilik ideallarının möhkəmlənməsində və cəmiyyətin sağlam informasiya ilə təmin olunmasında mühüm rol oynamışdır. Bu yolun təməlində Zərdabi irsi ilə yanaşı, Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani kimi ziyalılarımızın xidmətləri dayanır.
Ümummilli Lider Heydər Əliyev mətbuatın inkişafına və jurnalistlərin fəaliyyətinə xüsusi önəm vermiş, onun rəhbərliyi dövründə mətbuat üzərindən senzura aradan qaldırılmış, söz və ifadə azadlığı dövlət siyasətinə çevrilmişdir. Bu strategiya bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin qeyd etdiyi kimi:
“Söz azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.”
Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan jurnalistləri informasiya cəbhəsində əsl vətənpərvərlik göstərərək, ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırmaqda misilsiz xidmətlər göstərmişlər. Həm ön cəbhədə, həm informasiya məkanında mübarizə aparan jurnalistlərimizin fəaliyyəti tariximizə qızıl hərflərlə yazılıb.
Mingəçevirdə də 1948-ci ildən fəaliyyət göstərən yerli mətbuat orqanları, bu sahədə yetişmiş tanınmış qələm sahibləri, ictimai-siyasi fikrin formalaşmasında fəal iştirak etmişlər. Onların peşəkarlığı, vicdanlı mövqeyi və yaradıcı fəaliyyəti bu gün gənc nəsil üçün nümunədir.
Mingəçevir Bələdiyyəsi olaraq biz daim şəffaflığın, ictimai nəzarətin və vətəndaş-dövlət münasibətlərində medianın rolunun vacibliyini qəbul edir, jurnalistlərlə sıx əməkdaşlığa önəm veririk.
Bu əlamətdar gün münasibətilə bütün media nümayəndələrini – jurnalistləri, redaktorları, fotomüxbirləri, texniki heyəti və Mingəçevirdə mətbuatda çalışan bütün qələm sahiblərini təbrik edir, sizə möhkəm cansağlığı, kəsərli söz, məsuliyyətli və vətənpərvər qələmlə daha böyük uğurlar arzulayırıq!
Qələminiz iti, sözünüz dəyərli olsun!
Anar İsmayılov
Mingəçevir Bələdiyyəsinin sədri
Mənbə: Meneviyyat.Az/