GÜNDƏM

Tarixi Vaşinqton Görüşü: Yeni tarixi səhifə

7–8 avqust 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi tarixə düşdü. Ağ Evdə keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və aparılan danışıqlar Azərbaycan-ABŞ əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi, Cənubi Qafqazda sülh prosesinə isə real dinamika qazandırdı.

Səfər çərçivəsində imzalanan ən mühüm sənədlərdən biri Azərbaycan Respublikası ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu oldu. Bu sənəd qarşılıqlı maraq kəsb edən sahələr üzrə – enerji, ticarət, tranzit, rəqəmsal infrastruktur, süni intellekt, müdafiə və təhlükəsizlik – əməkdaşlığın yeni institusional əsaslar üzərində inkişaf etdirilməsini nəzərdə tutur. Növbəti 6 ay ərzində hazırlanacaq Xartiya ikitərəfli əlaqələrin uzunmüddətli yol xəritəsini formalaşdıracaq.

Prezident cənab İlham Əliyev görüşdə qeyd etdi ki, bu, təkcə siyasi sənəd deyil, həm də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, investisiya axınının genişlənməsi və regionun tranzit imkanlarının artırılması baxımından böyük potensiala malik tarixi razılaşmadır.

Vaşinqton səfərinin ən diqqətçəkən məqamlarından biri ABŞ Prezidenti Donald Trampın “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqini dayandırması oldu. 1992-ci ildə qəbul edilmiş bu ədalətsiz düzəliş illərlə Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir göstərmiş, ölkəmizi hərbi və iqtisadi yardımlardan məhrum etmişdi.

Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, bu qərar yalnız rəmzi addım deyil, həm də ikitərəfli münasibətlərdə yeni etimad mühitinin yaradılması baxımından strateji əhəmiyyət daşıyır. Bayden administrasiyası dövründə yenidən tətbiq olunan sanksiyaların ləğvi ABŞ-ın Azərbaycanla yeni siyasi səhifə açmaq niyyətinin real göstəricisidir.

Səfər çərçivəsində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən sammitdə mühüm nəticələr əldə olundu. Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflandı. ABŞ Prezidenti isə bu tarixi hadisəyə şahidlik etdi.

Eyni zamanda, ATƏT-in Minsk qrupu və əlaqədar strukturların ləğvi barədə birgə müraciət imzalandı. Bu, 30 ildən artıq davam edən, lakin real nəticə verməyən vasitəçilik formatına son qoyaraq sülh prosesini birbaşa tərəflərin iradəsinə bağladı.

Prezident cənab Əliyev bəyan etdi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra sülh sazişinin imzalanması mümkün olacaqdır. Bu, regionda dayanıqlı sülhün bərqərar olması üçün əsas şərtlərdən biridir.

Sammitin nəticələri arasında diqqət çəkən məqamlardan biri də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin elan edilməsi oldu. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən maneəsiz quru bağlantının yaradılmasını nəzərdə tutur. ABŞ-ın rəhbərliyi ilə həyata keçiriləcək bu strateji infrastruktur həm Azərbaycan, həm Ermənistan, həm də regionun digər ölkələri üçün iqtisadi və logistika baxımından yeni imkanlar açacaq. Prezident cənab Əliyev vurğuladı ki, Ermənistan tranzit ölkəyə çevrilərək iqtisadi qazanc əldə edə bilər, Azərbaycan isə öz tranzit imkanlarını daha da genişləndirəcək.

Səfər çərçivəsində SOCAR və ExxonMobil arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalandı. Bu razılaşma həm ənənəvi, həm də qeyri-ənənəvi enerji mənbələrinin kəşfi və işlənməsi üzrə əməkdaşlığı əhatə edir. Eyni zamanda, süni intellekt və rəqəmsal transformasiya sahələrində ABŞ şirkətləri ilə ilkin təmaslar quruldu.

Hazırda Azərbaycan təbii qazını NATO-nun 10 üzvünə ixrac edir və 14 ölkəyə boru kəməri vasitəsilə çatdırır. Bu coğrafiyanın Yaxın Şərqə qədər genişlənməsi planlaşdırılır.

Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Vaşinqton görüşü yalnız Azərbaycan və ABŞ üçün deyil, həm də bütün region üçün yeni tarixi səhifədir. Strateji tərəfdaşlığın başlanması, 907-ci düzəlişin dayandırılması, sülh sazişinin paraflanması və “Tramp Marşrutu”nun elan edilməsi Cənubi Qafqazda sabitliyin, əməkdaşlığın və iqtisadi inkişafın əsaslarını möhkəmləndirir.

Bu səfər bir daha göstərdi ki, Azərbaycan müstəqil siyasətini davam etdirərək beynəlxalq arenada öz mövqeyini gücləndirir, regionda sülhün qurulmasına liderlik edir və qlobal enerji təhlükəsizliyinə töhfə verir.

Akif Rəfiyev,

Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri