BƏLƏDİYYƏ

Bəylər Həsənov: “Bu gün hədəfimiz bəllidir”

Bəylər Həsənov: “Bu gün hədəfimiz bəllidir”

“Bələdiyyənin
kollektivi bir nöqtəni vurmasa, bələdiyyə qulluqçularının hər biri bələdiyyənin
inkişafına öz dəstəyini göstərməsə, töhfəsini verməsə  bu qurumdan hər hansı bir inkişafın gözlənilməsi  daim sual
altında olacaq”- bu fikirləri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin sədri
Bəylər Həsənov bildirib.

Sədr
qeyd edib ki, Binəqədi qəsəbə bələdiyyəsinin əvvəlki illərdə formalaşmış
kollektivində bacarıqlı, işgüzar bələdiyyə qulluqçuları olsa da, bir neçə nəfər
qulluqçunun xoşagəlməz addımı həm bələdiyyənin büdcə gəlirlərinin aşağı olmasına,
həm də qəsəbədə bələdiyyənin çəki və nüfuzuna öz mənfi təsirini göstərmişdir.

Bəylər
Həsənov bildirib ki, ilk gündən bələdiyyədə aparılan təhlillər göstərib ki, ötən
illər ərzində bələdiyyənin aylıq büdcə gəliri 12-18 min manat olmuş, maksimum
bu rəqəm bir neçə dəfə 20 mini keçmişdi. Üstəlik, icra şöbəsi ilə əlaqələrin
yarıtmaz səviyyədə qurulması, bələdiyyənin vergi-uçot sisteminin vaxtında tələb
olunan səviyyədə qurulmaması nəticədə cari ilin əvvəlində bələdiyyənin  həm DSMF-yə, həm də əməkhaqqına kifayət qədər
borcunun yaranmasına səbəb olmuşdu.

Kollektivin birgə səyi ilə, son aylar ərzində bələdiyyənin möcvud olmuş DSMF və
əməkhaqqı borcunun bağlanılmasına nail olunub. Belə ki, altı ay ərzində bələdiyyənin
mövcud olmuş  40 min manatlıq DSMF borcu və  bir o qədər də əməkhaqqı borcu kollektivdə yaradılan nizam-intizamın sayəsində  bağlamaq mümkün olub. 

Son üç ay ərzində aylıq büdcə daxilolmalarının həcmini isə   artıq  aylıq 17 min manatdan 30 min manata çatdıra bilmişik. 

Bu
gün hədəfimiz bəllidir. Yəni,  əsas fikrimiz aylıq vergi yığımının həcmini 40 min manata
çatdırmaqdır.  Hazırda  bələdiyyənin vergi-uçot sistemi
yenidən işlənilməkdədir. Bununla yanaşı BAMS-ın yaratdığı imkandan yüksək səviyyədə
istifadə etməklə bu hədəfə çatmaq niyyətindəyik.  

Bələdiyyənin bu gün üzləşdiyi əsas problem ərazidə  kifayət qədər sənədsiz əmlakın mövcud olmasıdır.  Təsəvvür edin ki,  bu gün Binəqədi qəsəbəsində olan əmlakın yalnız 2000-ə yaxın hissəsinin çıxarışı var.  Bu isə ümumi rəqəmin heç on faizini təşkil etmir.  Bu problemin həlli nəticə etibari ilə bələdiyyənin büdcə gəlirlərinin artmasına da öz müsbət təsirini göstərəcəkdir.

Qeyd etməliyəm ki,  bu
gün həm də  bələdiyyənin inzibati
binasında görüləcək işlərimiz var. Bununla yanaşı  
həyata  keçirəcəyimiz layihələrlə bələdiyyənin əvvəl ki, illərdə formalaşmış mənfi imicini aradan qaldırmaq niyyətindəyik.
Və inanıram ki, buna nail olacağıq.

Seçicilərin,
Binəqədi RİH-in  və  Bələdiyyələrlə iş Baş idarəsinin hər zaman dəstəyini hiss edir
və inanırıq ki, qarşımıza qoyduğumuz məqsədlərə kollektivin birgə səyi ilə çatacağıq.

 Belediyye.info

Mənbə: Meneviyyat.Az/