DÜNYA

BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclası təxirə salınıb – YENİLƏNİB

BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı fövqəladə iclası avqustun 10-u səhərə qədər təxirə salınıb.

“Report”un xəbərinə görə, bu barədə jurnalistlərə avqustda Təhlükəsizlik Şurasına sədrlik edən Panama Daimi Nümayəndəliyindən məlumat verilib.

“Növbəti məsləhətləşmələrdən və diqqətlə nəzərdən keçirildikdən sonra Sədrlik Şuranın Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı fövqəladə brifinqini avqustun 10-u, bazar günü səhər saat 10:00-a (Bakı vaxtı ilə 18:00) təxirə salmaq qərarına gəlib”, – Daimi Nümayəndəliyin bəyanatında deyilir.

08.08.2025.20:39

Fələstin bir sıra digər ölkələrlə birlikdə İsrailin Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatını dayandırmaq məqsədilə BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi üçün müraciət göndərib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur məlumat verib.

Onun sözlərinə görə, bir neçə dövlət görüşün avqustun 9-da keçirilməsində israr edir.

Görüşün əsas məqsədi İsrail tərəfindən eskalasiyanın qarşısını almaqdır. Fələstin nümayəndəsi beynəlxalq ictimaiyyətin Baş nazir Netanyahunun başçılıq etdiyi İsrail rəhbərliyinin həyata keçirdiyi məsuliyyətsiz və təhlükəli planların qarşısını ala biləcəyinə ümid etdiyini bildirib.

Mənbə: Report.Az