Zəngəzur dəhlizi açılmayana qədər sülh sazişi imzalanmayacaq – Rasim Musabəyov
Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Rasim müəllim, ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında sülh razılaşmasına dair növbəti görüşün olacağı bildirilib. Ağ Ev rəhbəri Donald Trampın liderlərlə üçlü və təkbətək formatda müzakirələr aparacağı deyilir. Sülh sazişinin imzalanması və kommunikasiya xətlərinin açılması istiqamətində bu görüşdən gözləntilər nədən ibarətdir?
– ABŞ-də baş tutması gözlənilən görüşlə bağlı fərqli fikirlər səslənir. Rəsmi olmasa da, yayılan informasiyalarda tərəflər arasında sülh sazişinə dair memorandumun imzalanacağı qeyd olunur. Memorandum diplomatiyada ən aşağı səviyyədə olan bir sənəddir. Yəni, bu sənəd bilavasitə öhdəliklər yaratmır.
Amma ABŞ Prezidentinin iştirakı ilə bir sənədin imzalanacağı nəzərə alınsa, bunun özü elə müəyyən öhdəlik və təminat deməkdir. Amerika tərəfi dövlət kimi olmasa da, Prezident səviyyəsində bu təminatı verirsə, bunun əhəmiyyəti böyükdür.
– Trampın Azərbaycanla Ermənistan arasında sülhə dair mesajları fonunda baş tutan görüşlə bağlı yanaşmalar birmənalı deyil. Bəzi ekspertlər bunu ABŞ-nin bölgəyə artan marağı kontekstində şərh etməyə çalışır…
– Əslində Ağ Evin artan marağını sınaqdan keçirmək lazımdır. Tramp indi hər yerdə mövcud olmağa çalışır. O, Konqonu Ruanda ilə, Kambocanı Tailandla, Hindistanı Pakistanla barışdırır. Çünki onun da öz istəkləri var. Nümayiş etdirmək istəyir ki, ABŞ onun rəhbərliyi ilə daha effektivdir. Amma iki əsas məsələdə irəliləyiş yoxdur. İsrail-Fələstin və Rusiya-Ukrayna cəbhəsində hələlik heç bir müsbət nəticə əldə olunmayıb. Bunlar dünya üçün başağrısına çevrilir. Tramp da digər istiqamətlərdə uğur əldə etdiklərini göstərmək niyyətindədir. Onun üçün bu müəyyən mənada təbliğat xarakteri daşıyır.
– Amerikanın bölgəyə gəlişi region dövlətləri üçün nə vəd edir?
– ABŞ super gücə malik bir dövlətdir. Azərbaycanın şimalında bütün qanunları kənara atıb, özbaşınalıqla məşğul olan Rusiya, cənubda isə İran yerləşir. Belə olan halda bölgə üçün təminatlar lazımdır. Bu təminatı Türkiyə verir. ABŞ-nin də bölgə üzərində çətiri olduğu halda burada sabitliyi təmin etmək imkanları genişlənəcək.
– Zəngəzur dəhlizinin ABŞ-nin hansısa özəl şirkətinin icarəsi əsasında açılacağı xəbərləri yayılmışdı. Vaşinqtondakı görüşdə bu məsələyə dair razılaşma əldə oluna bilərmi?
– Dəhlizin icarə əsasında açılması ikitərəfli qaydada öz həllini tapmalıdır. Azərbaycan burada istifadəçi tərəfdir. Bakı icra prosesində iştirak etmir. Ermənistan dövlət kimi bu məsələləri özü həll etməlidir.
Amma Zəngəzur dəhlizinin keçəcəyi ərazidə rus sərhədçiləri ilə yanaşı, amerikalıların yan-yana dayanacağı, hansısa bir iş görəcəyi bir qədər absurd təsir bağışlayır. Sözsüz, bu, heç də asan məsələ deyil.
Hər halda indi hər kəsə bəllidir ki, Zəngəzur dəhlizi öz həllini tapmayana qədər Ermənistan üçün heç bir yol açılmayacaq. Erməni cəmiyyəti dəhlizin açılmasına qarşı çıxsa da, Ermənistan dövlətinin başqa çıxış yolu yoxdur. Zəngəzur dəhlizi ilə bağlı ümumi qərar verilməyənə və orada bərpa işlərinə başlanılmayana qədər sülh müqaviləsi imzalanmayacaq və onun prinsipləri icra olunmayacaq.
Mənbə: Turkustan.Az