GÜNDƏM

“Xankəndidəki heykəlin altında ermənilərin gizli yazısı var” – Tikintidə iştirak edən şəxs danışdı

Son günlər Xankəndidəki “Biz və bizim dağlar” heykəlinin sökülməsi ilə bağlı çağırışlar yenidən gündəmə gəlib. Ən son belə çağırışı Ədalət, Hüquq və Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyev səsləndirib. Onun bu fikirlərini deputat həmkarı Fəzail İbrahimli də dəstəkləyib.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından və Xankəndinin işğaldan azad olunmasından sonra da heykəllə bağlı bənzər çağırışlar səsləndirilmişdi. Lakin bu vaxta qədər bununla bağlı addım atılmayıb.

Heykəlin tikintisində iştirak etmiş Əbülfət Həsənov 2024-cü ilin may ayında Globalinfo.az-a verdiyi müsahibəsində maraqlı bir detalı açıqlamışdı. Onun sözlərinə görə, heykəlin təməlində içində kağız olan butulka basdırılıb.

Hazırda məsələ yenidən müzakirə olunarkən Globalinfo.az Əbülfət Həsənovla əlaqə saxlayıb.

O, heykəlin sökülməsini dəstəklədiyini bildirib:

“Deputatların təklifini dəstəkləyirik. Heykəl sökülsə, ermənilərin ora atdığı kağız üzə çıxacaq. Bəlkə də tarixlə bağlı yalanlar yazıblar orada. Təsəvvür edin, heykəli yerləşdirməmişdən əvvəl orada olan ermənilərdən biri yorğunluğunu bəhanə edib bizi işləməyə qoymadı. Səhər həmin kağızı gətirib ora atdı, üstünə də beton tökdü”.

Əbülfət Həsənov həmin ərazidə şəhidlərin xatirəsinə həsr olunan bir abidənin ucaldılmasını təklif edib:

“Yaxşı olardı ki, orada simvolik olaraq ya bir qəhrəmanımızın heykəli, ya da ümumi şəhidlərimizə aid abidə ucaldılsın. Bu yaxınlarda Xankəndiyə getmişdik. Çalışdıq ki, o heykəlin qarşısında şəkil də çəkdirməyək. Xankəndi sakinləri də onun sökülməsini istəyir”.

Müsahibimiz maraqlı bir xatirəni də bölüşüb:

“Hələ müharibədən əvvəlki illərdə bir neçə ağdamlı gənc Xankəndiyə yeyib-içməyə gəlmişdi. Sonra xəbər tutduq ki, gedib həmin heykəlin burnunu avtomatla vurub dağıdıblar. Ermənilər sonradan onu bərpa etdilər. Bu gün isə torpaqlarımız geri qaytarıldıqdan sonra ermənilərə məxsus bir heykəlin orada qalması yolverilməzdir”.









Mənbə: Turkustan.Az