GÜNDƏM

Füzuli və Beyləqan gəncləri üçün “Regionlarda hibrid təhdidlərə qarşı maarifləndirmə” təlimi təşkil olunub – FOTOLAR

“Kitab yayımı işinin inkişafına dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Füzuli və Beyləqan gəncləri üçün “Regionlarda hibrid təhdidlərə qarşı maarifləndirmə” təlimi təşkil olunub.

QHT.az xəbər verir ki, iyulun 29-dan avqustun 1-dək həyata keçirilən təlimlərin keçirilməsində əsas məqsəd regionlarda gənclərin media savadlılığı ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu istiqamətdə inkişaf imkanlarının genişləndirilməsidir.

Dörd gün davam edən təlim proqramı çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri, siyasi ekspert Elmir Səftərov tərəfindən Füzuli və Beyləqan Gənclər evlərində keçirilən təlimlərdə gənclərə media savadlılığı, informasiyanın düzgün şəkildə axtarılması, təhlil edilməsi və qiymətləndirilməsi, həmçinin saxta informasiyanın müəyyənləşdirilməsi,
hibrid təhdidlər, dezinformasiya, misinformasiya, malinformasiya, rəqəmsal təhlükəsizlik və müdafiə bacarıqları və digər mövzular izah olunub, real faktlar üzrə nümunələr göstərilib.

İnteraktiv təlimlərdə sosial medianın dövlətlər və cəmiyyətlər üçün yaratdığı digər problemlərdən də bəhs olunub, dezinformasiya ilə mübarizə vasitələri və yolları barədə fikir mübadiləsi aparılıb.

Təlimdə Füzuli və Beyləqan rayon İcra hakimiyyətinin və hər iki rayonun Gənclər evlərinin səlahiyyətli şəxsləri iştirak ediblər.

Təlim iştirakçılarına uğurlar arzulayan layihə rəhbəri Namaz Namazov bildirib ki, hibrid təhdidlər və media savadlılığı təlimi gənclər üçün həm fərdi inkişaf, həm də milli təhlükəsizlik baxımından çox vacibdir.

Onun sözlərinə görə, informasiya texnologiyalarının inkişafı bəşəriyyət üçün yeni imkanlar yaratsa da, ciddi təhlükələrlə də müşahidə olunur: “Belə bir mühitdə media savadlılığı, sadəcə, jurnalistlərin və ya mütəxəssislərin işi deyil – hər bir vətəndaşın bilməsi lazım olan bir bacarıqdır. İnformasiyanı düzgün oxumaq, mənbəni yoxlamaq, saxta və ya manipulyativ məlumatı ayırd etmək – bunlar XXI əsrin ən vacib bacarıqlarındandır. Xüsusilə gənclər olaraq, siz informasiya mühitində daha aktiv iştirak edirsiniz, sosial şəbəkələrdə daha çox vaxt keçirirsiniz və çoxlu məlumatlarla rastlaşırsınız. Ona görə də tənqidi düşünmək, faktlarla emosional manipulyasiyanı ayrıd etmək sizin üçün olduqca vacibdir”.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.









Mənbə: Turkustan.Az