GÜNDƏM

Ermənistan təyyarələri Azərbaycan üzərindən uçur?

Azərbaycanın hava məkanı nəzəri cəhətdən Ermənistandan gələn mülki təyyarələr üçün açıqdır, lakin onlar həmin ərazidən uçmurlar.

Turkustan.az Sputnik-Armenia-ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, Azərbaycan mülki aviasiyasının Ermənistan ərazisindən Bakı-Naxçıvan marşrutu üzrə uçuşlarına başlamasından (2022-ci ildən) asılı olmayaraq, iki ölkənin hava məkanı mülki aviasiya vasitələrinin istifadəsi üçün açıqdır. İstisna hərbi vəziyyətdir, bu, təhlükəsizlik mülahizələri ilə bağlıdır və Çikaqo Konvensiyasının bəndlərinə uyğun olaraq bütün aviaşirkətlərə şamil edilir.

“Yuxarıda deyilənlərə əsasən nəzəri olaraq Azərbaycanın hava məkanı Ermənistanın mülki təyyarələri üçün açıqdır, lakin praktikada Ermənistanın aviasiya operatorları göstərilən ərazidən uçmur və bu, sonuncunun daxili qərarlarıdır”, – məlumatda bildirilir.

Maraqlıdır ki, bundan əvvəl hakim “Mülki Müqavilə” partiyasından olan deputat Arsen Torosyan Ermənistan təyyarələrinin Azərbaycanın hava məkanından keçdiyini iddia etmişdi. O, sosial şəbəkədə istifadəçinin Azərbaycan təyyarələrinin niyə Sünik üzərində uçması ilə bağlı sualına belə cavab verib.

“Niyə uçmasınlar ki? Bunun üçün bizə pul verilir. Təyyarələrimiz isə Azərbaycanın üzərində uçur. Belə mənasız şeylərə nə qədər enerji sərf edə bilərik”, – Torosyan yazıb.

Bundan əvvəl Ermənistanın Mülki Aviasiya Komitəsi Sputnik Ermənistan-ın sorğusuna cavab olaraq “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus bəzi təyyarələrin Ermənistan üzərində uçuş marşrutlarının dəyişdirilməsinin səbəblərini açıqlayıb./yenisabah.az









Mənbə: Turkustan.Az