Günay Əfəndiyeva: Azərbaycan dilinin qorunması milli təhlükəsizlik baxımından əhəmiyyətlidir
Bu gün Azərbaycan dilinin qorunması milli təhlükəsizlik, ideoloji müstəqillik və beynəlxalq mövqe baxımından son dərəcə mühüm əhəmiyyətə malikdir.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və təbliği ilə bağlı imzaladığı fərman ana dilinin yaşadılması və yüksək səviyyədə təşviqinə yönəlmiş milli strateji bir sənəddir.
Deputat Dövlət Dil Komissiyasının yeni tərkibdə qurulmasının önəminə toxunub:
“Düşünürəm ki, bizim dil komissiyamız müasir dünyanın reallıqlarına uyğunlaşmalıdır. Təkcə dilçi alimlər yox, həm də media mütəxəssisləri, texnoloqlar, təhsil ekspertləri burada təmsil olunmalıdır. Əgər biz dilin gələcəyindən danışırıqsa, o zaman bu gələcəyi formalaşdıracaq platformalarda, yəni internetdə, süni intellektdə, təhsil mühitində ana dilimizi necə inkişaf etdirəcəyimizi düşünməliyik. Dil kitablar, qəzetlər, müxtəlif yazılı mənbələr ilə yanaşı, sosial mediada, televiziyada, məktəbdə, küçə reklamlarındadır. Bu gün müşahidə edirik ki, sosial şəbəkələr mühitində dil yalnız informasiyanın ötürülməsi vasitəsinə çevrilib. Halbuki dil bizim milli mədəni kimliyimizin kodudur. Yeni fərman bu məsələyə dövlət səviyyəsində müdaxilə imkanı yaradır”.
G.Əfəndiyeva bildirib ki, müstəqil Türk dövlətləri arasında ortaq əlifbaya keçid təşəbbüsləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində dil və mədəniyyət sahəsində əməkdaşlıqlar, dilin milli birləşdirici vasitə kimi qəbul olunması günümüzün gerçəkliyidir. Azərbaycan isə bu prosesin öncüllərindəndir.
Deputat latın qrafikalı Azərbaycan Əlifbasına keçidin XX əsrin sonunda milli müstəqilliyi möhkəmləndirən mühüm addımlardan biri kimi dəyərləndirib. O bildirib ki, bu, sovet dönəminin ideoloji təsirlərindən azad olmaq və müasir informasiya cəmiyyətinə inteqrasiyanın təmini idi.
Mənbə: Report.Az