DÜNYA

Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb – YENİLƏNİB-2

Rusiya Silahlı Qüvvələrinin Kiyevə raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, onlardan biri uşaqdır.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

“93 nəfər xəsarət alıb, onlardan 11-i uşaqdır”, – məlumatda qeyd olunub.

Axtarış-xilasetmə işləri davam edir.

09:28

Rusiya Silahlı Qüvvələrinin Kiyevə kütləvi hücumları nəticəsində azı 6 nəfər həlak olub.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko sosial şəbəkələrdə bildirib.

“Hazırda 6 nəfərin həlak olduğu təsdiqlənib. Xilasetmə əməliyyatı davam edir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, dağıntıların təmizlənməsi üzrə iş aparılır.

T.Tkaçenko qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin dronlar və ballistik raketlərlə zərbələri nəticəsində 27-dən çox məkanda dağıntılar olub. Onun sözlərinə görə, Kiyevin Solomenski, Svyatoşinski, Şevçenkovski və Qoloseevski rayonları daha çox zərər çəkib.

08:29

Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində 43 nəfər yaralanıb, bir nəfər həlak olub.

“Report”un Ukrayna mətbuatına istinadən məlumatına görə, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

Qeyd olunur ki, zərbələrin nəticələri bir neçə rayonda müşahidə olunur, evlər zədələnib.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 26 nəfər paytaxtın tibb müəssisələrinə yerləşdirilib, həlak olan qadının meyidi dağıntılar altından çıxarılıb.

Qurumdan bildirilib ki, yaralananlar arasında çağırışa gedən üç polis əməkdaşı da var.

“Raketlərdən biri yaşayış binasına düşüb. Binanın bir girişi tamamilə dağıdılıb”, – məlumatda deyilir.

Mənbə: Report.Az