İDMAN

MOK rəsmisi: “Domingesin rəqibinin müsbət nəticələnən dopinq testinin Paris-2024-ə aidiyyəti yoxdur”

Azərbaycan boksçusu Alfonso Domingesi Paris Yay Olimpiya Oyunlarının finalında məğlub edən özbəkistanlı Lazizbek Mullacanovun müsbət nəticələnən dopinq testinin ötən il Fransada keçirilmiş yarışa aidiyyəti yoxdur.

Bunu “Report”a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyev bildirib.

Qurum rəsmisi nümunənin Yay Olimpiya Oyunlarından sonra verilən testin nəticəsi olduğunu vurğulayıb:

“Bu, olimpiadadan sonra götürülən testin nümunəsidir. Yəni Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarına aid deyil. İdmançının B nümunəsinə də baxılacaq. Bu, sonuncu – iyulun 11-də verilən testlə bağlıdır. Ona görə də bununla bağlı hələlik heç bir proses yoxdur. Sonra araşdıracaqlar, ya yox – bunu bilmirik. Bu artıq antidopinq komissiyasının işidir. Faktiki bu nümunələrin olimpiadaya aidiyyəti yoxdur”.

Qeyd edək ki, L.Mullacanov Paris-2024-də 92 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həlledici görüşdə Azərbaycan millisinin üzvü Alfonso Domingesə qalib gəlib.

26 yaşlı idmançının dopinq testi metasteron – əzələ kütləsinin sürətli artımına, həmçinin dözümlülük və fiziki gücün artmasına kömək edən sintetik anabolik steroid – üçün müsbət nəticə verib.

Mullacanovdan nümunə iyunun 11-də götürülüb. İndi onun B nümunəsinin analizini tələb etmək hüququ var. B nümunəsinin nəticəsi birinci nümunənin məlumatlarını təsdiqləsə, idmançı antidopinq qaydalarının pozulmasına görə diskvalifikasiya ediləcək.

Mənbə: Report.Az