GÜNDƏM

Azərbaycanlı qazi jurnalistlər Türkiyə Qazilər Vəqfində – FOTOLAR

Qazi jurnalistlərimiz Türkiyə səfəri çərçivəsində bu gün Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfinin İstanbul şöbəsini ziyarət ediblər.

Modern.az xəbər verir ki, qonaqları Vəqfin İdarə Heyətinin üzvü, İstanbul şöbəsinin sədri, qazi Ferhat Koçak qarşılayıb.

Əvvəlcə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə ötən gün şəhidlik zirvəsinə ucalan Türkiyə ordusu mənsubu – baş çavuş Servet Ökkeş Çakırın ailəsinə və yaxınlarına heyət adından başsağlığı verib.

Vətən uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi yad olunub. Görüşdə iki ölkə arasında qardaşlıq münasibətlərindən də söz açılıb. Bəhruz Məmmədzadə Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirib: “Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Biz iki millət bir dövlətik. Ulu öndərlərimizin bu kəlamları bizim gələcəyimizin xəritəsidir. Biz hər zaman, hər məsələdə qardaşlarımızın yanındayıq. Bugünkü görüşün bizim üçün çox böyük mənəvi yükü var”.

Ferhat Koçak da öz növbəsində ölkələrimiz arasındakı münasibətləri, əlaqələri yüksək qiymətləndirib, eyni zamanda, qazi jurnalistlərlə görüşdən məmnunluğunu ifadə edib: “Azərbaycan hər zaman yanımızda olub və olacaq. Biz Azərbaycanı ikinci vətənimiz sayırıq. Türkiyə olaraq biz də həmişə qardaşlarımızın yanındayıq. Vətən uğrunda döyüşən qazi jurnalistlərlə görüşdən çox şadıq. Bu cür görüşlərin tez-tez olmasını arzu edirik”.

Daha sonra Türkiyə Qazilər və Şəhid ailələri Vəqfi ilə Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Biriliyi arasında münasibətlərin daha da dərinləşməsi, gələcəkdə daha geniş heyətlə görüşlərin olması perspektivi müzakirə edilib.

Xatırladaq ki, qazi jurnalistlərin Türkiyəyə səfəri MediaTürk TV-nin təşəbbüsü, TİKA Azərbaycan-ın koordinatorluğu, Türkiyə Media İş Sendikası və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçlığı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təşkil olunub.









Mənbə: Turkustan.Az