Zaxarovanın iddiasına Bakıdan şərh: “NATO” yox, “Rusiya” deməli idi
“Cənubi Qafqazda vəziyyəti gərginləşdirən NATO yox, Rusiyadır”.
Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu gün keçirdiyi ənənəvi həftəlik brifinqində səsləndirdiyi fikirləri belə şərh edib:
“Rusiya rəsmisi brifinqdə NATO-nun artıq neçə ildir Cənubi Qafqazda möhkəmlənməyə çalışdığını bildirib. Onun sözlərinə görə, NATO-nun məqsədi region ölkələrinin resurslarından Qərbin maraqları üçün istifadə etmək və Rusiya ilə geosiyasi rəqabət fonunda regionu zəiflətməkdir: “Onlara bərabərhüquqlu münasibətlər lazım deyil. Onlar resursları almaq, ölkələri bir-birinə qarşı qoymaq, bölgəni alovlandırmaq istəyirlər. Ümid edirik ki, region ölkələri – Ermənistan və Azərbaycan NATO ilə əməkdaşlığın risklərini anlayacaq”.
Mariya Zaxarovanın cümlələrində “NATO” əvəzinə “Rusiya” yazılsa, daha məntiqi olar. Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır. Kreml həmişə bölgə ölkələrinin bir-birləriylə münaqişədə olmasından faydalanmağa çalışıb.
Zaxarova “NATO” deyərkən konkret təşkilatı, Brüsseldə yerləşən mərkəzi qərargahı, yoxsa təşkilata üzv dövlətləri nəzərdə tutub? Şimali Atlantika Bloku Cənubi Qafqazda sülh və bölgə ölkələrinin bir-biri ilə əməkdaşlığında maraqlıdır. Çünki Brüsselin Cənubi Qafqazın hər üç ölkəsiylə bu və ya digər formada əməkdaşlığı var. Belə olan halda, NATO öz siyasətinə zidd olaraq Zaxarovanın “məntiqinə” görə Cənubi Qafqazı niyə alovlandırmalıdır? Bölgəni alovlandırmaq istəyənin, bölgə ölkələri arasında münasibətləri gərginləşdirənin ünvanı bəllidir. Zaxarova Şimali Atlantika Blokundan danışarkən, Ermənistan və Azərbaycanın NATO ilə əməkdaşlığın risklərini anlayacağını söyləyib”.
Elxan Şahinoğlu əlavə edib ki, Zaxarova bölgə ölkələrindən danışarkən Gürcüstanın adını çəkməyib:
“Görəsən, Zaxarova Gürcüstanın adını niyə çəkməyib? Düzdür, Gürcüstanın hazırkı hökumətinin Qərblə münasibətlərində müəyyən suallar mövcuddur, amma Tbilisi Avropa İttifaqı və NATO-ya üzvlük planından imtina etməyib. Gürcüstanda 5 gün əvvəl NATO-nun təlimləri keçirilib. Gürcüstandan fərqli olaraq, Azərbaycan və Ermənistanın NATO-ya üzvlük kimi hədəfləri yoxdur. Belə olan halda, Zaxarova və ona təlimat verənlər Azərbaycanla Ermənistanı niyə hədəf seçiblər? Yəqin Kremldə hesab edirlər ki, Bakı və İrəvan Kremllə münasibətlərin soyuqluğu fonunda özlərinə alternativ yollar axtaracaq. Azərbaycanın alternativ axtarışına ehtiyacı yoxdur. NATO-nun hərbi gücünə görə ikinci ən böyük dövləti olan Türkiyə Azərbaycanın hərbi strateji müttəfiqidir və bu bizim üçün yetərlidir”.
Mənbə: Turkustan.Az