BƏLƏDİYYƏ

Təsadüfün yaratdığı zəruriət…

Təsadüfün yaratdığı zəruriət…

Və ya bir səfərin əks-sədası…

Bu gün seçki prosesi ilə təsdiqlənmiş və fevral ayında seçilmiş  681 bələdiyyə sədrinin fəaliyyətinin beşinci ayı davam edir. Qeyd edim ki, 50 faizdən çox bələdiyyəyə sədrlik üzvlər arasında yalnız yeni seçilənlərə həvalə edilib. Yeni seçilənlərin müəyyən bir qisminin idarəçilik təcrübəsi olsa da, onların bələdiyyə ilə bağlı təsəvvürləri, demək olar ki, olmayıb. Bu danılmaz bir  faktdır. Lakin təsəvvürlərinin olmaması hələ onların uğur qazana bilməyəcəyinə dəlalət etmir.

Fikrimcə,  sədr  seçilən şəxsin  zəngin dünyagörüşü, idarəçilik bacarığı və ən əsası  insanlarla işləmək təcrübəsi olmalıdır. Bəli, bu keyfiyyətlər olduğu halda, həmin bələdiyyənin uğur qazanacağını əminliklə söyləmək olar.

***

Mən bələdiyyələri məlumatlandırmadan ziyarət etməyə daha çox maraqlıyam. Çünki xəbərsiz gedəndə kimin necə, hansı forma və məzmunda işlədiyinin bilavasitə şahidi olursan. Gələcəkdə, şahidi olduğum ağılagəlməz hadisələri yəqin ki qələmə alacağam. Buna hələ var…

***

Sonuncu seçkidən sonra bir müddət ara verib yenidən bələdiyyələri ziyarət etməyə qərar verdim. Sözsüz ki, yenə də bir kimsəni məlumatlandırmadan.

Bakı bələdiyyələrinin bəzilərini, xüsusəndə yeni sədr seçilən bələdiyyələri ziyarət etdikdən sonra imkan tapıb rayon bələdiyyələrini də ziyarət etməyi düşündüm və bu günlərdə bu fikrimin bir qismini  gerçəkləşdirdim. Bu məqama bir qədər sonra…

***

Bu günədək ziyarətində olduğum və paytaxtda formalaşan Badamdar, Hövsan, Türkan və Ramana  bələdiyyələrində iş  prosesi ənənəyə uyğun saat mexanizmi kimi işləməkdədir. Ard-arda müxtəlif  vaxtlarda  Badamdar bələdiyyəsində olanda hər dəfə bir yeniliyə şahid olmağım, hər kəsin iş başında öz işi ilə məşğul olmasını görəndə isə bir daha belə qənaətə gəldim ki,  sədrlərdə yuxarıda söylədiyim keyfiyyətlər varsa, demək bələdiyyənin uğur qazancağı  gün uzaqda deyil. Üstəlik, söhbət etdiyim hər dörd sədrin bələdiyyə sisteminin inkişafına maraqlı olmaları, az müddət ərzində, xüsusəndə Hövsan bələdiyyəsinin sədrinin bələdiyyə sisteminə aid məsələləri dərindən mənimsəməsi diqqətimi çəkdi.

Ancaq bununla yanaşı yeni seçilən bəzi adını çəkmək istəmədyim sədrin əvvəlki sədrin fəaliyyətinin yoxlatdırması, üstəlik inzibati nəzarət orqanına deyil, məhz rayon prokurorluğuna müraciət etməsi təəssüf doğurur. Belə addımlara yol verilməsi heç bir halda qəbul edilən deyil.

Birincisi, bələdiyyələrə inzibati nəzarəti qanunla müəyyən edilmiş orqan, yəni Ədliyyə Nazirliyi həyata keçirir. Ədliyyə nazirlyinin müvafiq qurumları özləri araşdırma apardıqdan sonra istənilən halda hüquq-mühafizə orqanına müraciət edir. Qeyd edək ki, hər il Ədliyyə Nazirliynin hesabatında məhz bu məqam xüsusi vurğulanır.

İkincisi, sədr olan şəxs necə razı olur ki, onun özü ilə gətirdiyi işçilər deyil, məhz əvvəlki sədrin dövründə çalışanlar izahat verməsi üçün digər bir orqanın qapısında,  öz işi məşğul olub, bələdiyyəyə xeyr vermək əvəzinə, mənasız  suallara cavab vermək məcburiyyətində qalır. Hər halda qəbul edilən fakt deyil. Ola bilər, yalnış düşünürəm, ancaq  bu mənim subyektiv fikrimdir.  Nə isə…

***

İndi isə qayıdım Şabran bələdiyyəsinə etdiyim  ziyarətə. Təxminən iki ay əvvəl dəvət edildiyim zaman bələdiyyədə gördüklərim məni qane etsə də, hətta təəcübləndirsə də, hardasa əvvəlcədən məlumatlı olduqlarından, ürəyimdə bir “şübhə” qalmışdı.  Düzdü, etiraf edim ki, həmin vaxt rayonda formalaşan beş bələdiyyənin sədri ilə eyni vaxtda, məhz yeni seçilən sədrin təşəbbüsü ilə  görüşmək şansı qazandığımından kimin gələcəkdə uğur qazanacağını artıq  görüş vaxtı hiss etmişdim.   Xüsusilə vurğulamalıyam ki, Şabran bələdiyyəsinin yeni seçilən sədri Fidan Fərzəliyevanın aktiv şəkildə prosesə qoşulması, ən əsası öyrənmək istəyinin olması , bütün hallarda yerində saymağı sevməməsi, daim yeniliyə can atması xanım sədrin uğur açarı oldu.

Beləliklə, saat doqquzda bələdiyyənin yeni təmirdən çıxmış inzibati binasında olarkən  bələdiyyədə həyat qaynayırdı. Etiraf edim ki, bunu gözləmirdim.  Hər kəs iş başında,  sakinlər isə dəhlizdə öz qəbul növbəsini gözləyirdi. Qəbul otağına keçib xanım sədri soruşanda “bu gün bələdiyyədə vətəndaş qəbuludur” dedilər. Və geri dönüb   kiçik akt zalın qapısını açanda isə xanım sədr ayağa qalxıb özünü itirmədən  bizi qəbulda iştiraka dəvət etdi. Gəlişim prosesə mane deyil, sanki əlavə stimul verdi.

Vətəndaş  qəbulu bir xeyli çəkdi. Maraqlı və diqqəti çəkən məqamlar oldu. Hiss olunurdu ki, vətəndaşlar artıq bələdiyyəni bir orqan kimi qəbul edir. Çünki bələdiyyə sədri daim sakinlərlə görüşlər keçirir, problemlərini dinləyir. Üstəlik, bələdiyyədə az müddətdə sədrin həm də  bir komandası formalaşmışdı.  Düşünürəm ki, belə də davam etmək lazımdır.

Beləliklə,  hər bir addımı təbliğ edən, üstəlik büdcə gəlirlərində kifayət qədər irəliləyişə nail olan, BAMS-ın verdiyi imkandan maksimum yararlanmağı bacaran bələdiyyənin növbəti illərdə daha böyük uğurlara imza atacağına əminəm.

***

Ziyarətlərimiz davam edəcək. Məqsədimiz bələdiyyələrin uğur qazanmasına dəstək verməkdir. Bələdiyyənin çəki və nufuzunun artması, həm də icra strukturlarının üzərinə düşən məsuliyyət yükünü bir xeyli azaldır. Qarşılıqlı əməkdaşlıq isə nəticədə vətəndaş məmnunluğunu təmin etmiş olur.

Demək, hər iki tərəf həm də xalqın  xidmətində dayanmaqla ölkə başçısının tələblərini icra etmiş olurlar.

Bizə isə bütün işdə hər kəsə uğurlar arzulamaq qalır.

Vüqar Tofiqli

Mənbə: Meneviyyat.Az/