İDMAN

“Sabah” Moldova komandasını Bakıda da məğlub etməyi hədəfləyib

“Sabah” “Petrokub” kollektivini doğma meydanda da məğlub etməyi hədəfləyib.

“Report”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Mütəxəssis Bakıda Moldovanın “Petrokub” komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Səfərdəki matçımız yaxşı alındı. Lakin bu rəqibə evdə də qalib gəlmək istəyirik. Səfərdə qələbə qazansaq da, hələ heç nə məlum deyil. Hazırlığımız yüksək səviyyədə oldu. Rəqib komandaya yuxarıdan aşağı baxmaq olmaz”.

Mütəxəssis hələ də oyun planında problemlərin olduğunu vurğulayıb:

“Üzərində işləməli olduğumuz məsələlər var. Baxmayaraq ki, səfər matçında qapımızı toxunulmaz saxladıq. Lakin elə etməliyik ki, eyni uğuru cavab oyununda da təkrarlayaq.
Səfər görüşünün sonlarından razı qaldım. Çünki çox cəsur oynadıq və qələbə qolllarını vurduq. Bununla belə, ilk yarıda çox da yaxşı çıxış edə bilməmişdik”.

Qeyd edək ki, “Sabah” – “Petrokub” görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb – 2:0.

Mənbə: Report.Az