Qəbul edilmiş hüquqi sənədlərin icrası ilə bağlı ABMA-da müşavirə keçirilİb
Qəbul edilmiş hüquqi sənədlərin icrası ilə bağlı ABMA-da müşavirə keçirilİb
Bələdiyyə
fəaliyyətini tənzimləyən bir sıra qanunvericilik aktlarında – Azərbaycan
Respublikasının Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin
maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi
haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin
vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2025-ci il 24 iyun tarixli 224-VIIQD nömrəli Qanununun tətbiqi
və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul
tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqların icrasının təmin
edilməsi ilə bağlı 14 iyul 2025-ci il tarixdə ABMA-da müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan Azərbaycan Qəsəbə Bələdiyyələrinin
Milli Assosiasiyasının sədri Hümbət Hüseynov
qanunvericilik aktlarında qeyd
olunan dəyişikliklərə əsasən yerli büdcələrin gəlirlərinin və xərclərinin
uçotunun çevik və effektiv təşkili, vahid və aktual informasiya bazasının
yaradılması məqsədilə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və
ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun
olaraq bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasının və bələdiyyələrin
vahid informasiya sisteminin qanunvericiliklə dövlət informasiya sistemi kimi
müəyyənləşdirilməsinin yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəli
təşkili və bələdiyyə idarəçiliyinin rəqəmsallaşdırılması baxımından çox mühüm
addım olduğunu bildirdi.
Tədbirdə
çıxış edən ABMA-nın Əlaqələndirici koordinatoru Aydın Muradov Prezidentin Fərmanında
bələdiyyələrin vahid informasiya sistemi haqqında əsasnamənin ölkə ərazisində fəaliyyət
göstərən bələdiyyələr tərəfindən birgə təsdiq edilməsi istiqamətində tədbirlərin
həyata keçirilməsinin üç ay müddətində təmin edilməsi və sistemə ötürüləcək və
sistemdən əldə ediləcək məlumatların dairəsi ilə bağlı təkliflərini bir ay müddətində
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi ilə bağlı
tapşırıqların Bələdiyyələrin Milli Assosiasiyalarına tövsiyə olunmasını Ali səviyyədə
ABMA-ya göstərilən yüksək etimadın göstəricisi kimi qiymətləndirdi. Son dövrlərdə
ABMA-da aparılan əsaslı idarəetmə islahatları nəticəsində fəaliyyətinin əsaslı
formada gücləndirilməsi, qoyulan tapşırıqların yüksək məsuliyyət hissi ilə
vaxtında icra edilməsi belə yüksək etimadın qazanılmasına zəmin yaratmışdır.
Ölkə bələdiyyələrinin və Milli Assosiasiyaların fəaliyyətini daim diqqət mərkəzində
saxladığına və lazımi dəstək göstərdiyinə görə ölkə bələdiyyələri və ABMA
kollektivi adından ölkə başçısı Cənab İlham Əliyevə minnətdarlığını
bildirdi. Etimadla yanaşı, tövsiyə
olunmuş tapşırıqların ABMA-nın hər bir əməkdaşında ciddi məsuliyyət yaratdığını
və onların qısa müddətdə icrasını təmin etmək məqsədi ilə Tədbirlər Planının
hazırlanması təklif olundu.
Daha sonra çıxış edənlər – Azərbaycan Şəhər Bələdiyyələrinin
Milli Assosiasiyasının İcraçı katibi Əli Əkbərli və ABMA-nın Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin
direktoru Adil Əhmədov Bələdiyyələrin vahid informasiya sistemi haqqında,
sistemə ötürüləcək və sistemdən əldə ediləcək məlumatların dairəsi barədə
müşavirə iştirakçılarına geniş məlumat verdilər. Sonda mövzu ilə bağlı müzakirələr
aparıldı, qeyd olunan qanunvericilik aktlarının öyrənilməsi və icrasına dair təkliflərin hazırlanması məqsədilə əməkdaşlar üçün bir həftəlik təlimlərin təşkil
edilməsi qərara alındı.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları
Mənbə: Meneviyyat.Az/