“Qadınlar üçün sahibkarlıq və peşə təlimləri” layihəsinin 7 günlük təlim proqramı yekunlaşıb – FOTOLAR
Laçında “Qadınlar üçün sahibkarlıq və peşə təlimləri” layihəsinin yeddinci günü uğurla yekunlaşıb.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən icra edilən “Qadınlar üçün sahibkarlıq və peşə təlimlərinin təşkili” layihəsi çərçivəsində Laçın rayonunda keçirilən 7 günlük təlim proqramı 27 iyul 2025-ci il tarixində uğurla başa çatıb.
Təlimin son günü iştirakçılar üçün xüsusi əhəmiyyət daşıyıb. Tədbirin əvvəlində qadınlar təlimlərlə bağlı təəssüratlarını bölüşərək, layihənin onlara verdiyi bilik və praktiki bacarıqların həyatlarında mühüm dəyişikliklər yaradacağından əmin olduqlarını bildiriblər. Onların sözlərinə görə, bu təlimlər yalnız nəzəri məlumat verməklə kifayətlənməyib, eyni zamanda praktiki yönümlü vərdişlər qazandırıb, özünəinamı artırıb və gələcəkdə öz kiçik bizneslərini qurmaq üçün motivasiya yaradıb.
Təlimin əsas istiqamətləri sahibkarlıq, peşə bacarıqları, liderlik, ünsiyyət, hüquqi və maliyyə bilikləri, brendinq və marketinq sahələrini əhatə edib. Yeddi gün ərzində iştirakçılarla interaktiv sessiyalar keçirilib, qrup işləri və praktiki tapşırıqlarla onların bilik və bacarıqları qiymətləndirilib.
Təlimin son günü təlimçi Orxan Xıdırov və “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova tərəfindən iştirakçılara sertifikatlar təqdim olunub. Hər bir qadına göstərdiyi aktivlik və təlimlərdəki fəallığına görə xüsusi təşəkkür bildirilib.
Tədbirdə çıxış edən “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyinin sədri İradə Nəsirova üç nəfər qadının öz kiçik biznesini qurmaq istiqamətində atdığı addımları dəstəkləyəcəyini və bu qadınlara ilkin mərhələdə mentorluq və resurs dəstəyi göstərəcəklərini bəyan edib. Bu təşəbbüs, layihənin davamlı nəticələrə yönəlik olduğunu göstərməklə yanaşı, qadınların real iqtisadi fəaliyyətə inteqrasiyasını da təşviq edir.
Təlimin sonunda iştirakçılar arasında qısa sorğu keçirilib. Sorğu nəticələrinə əsasən, iştirakçıların böyük əksəriyyəti təlimlərin onların həyatına müsbət təsir etdiyini və gələcəkdə belə proqramların davam etməsini arzuladıqlarını bildiriblər.
Qeyd edək ki, “Qadınlar üçün sahibkarlıq və peşə təlimlərinin təşkili” layihəsi çərçivəsində növbəti mərhələlərdə də müxtəlif bölgələrdə təlimlərin keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi qadınların iqtisadi cəhətdən fəallaşdırılması, onların sosial rifahının yüksəldilməsi və cəmiyyətə daha aktiv şəkildə inteqrasiya edilməsidir.
Mənbə: Turkustan.Az