Ankarada hava limanında Qazaxıstan və Türkiyə prezidentləri arasında qısa söhbət olub – YENİLƏNİB
Ankara hava limanında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında qısa söhbət olub.
“Report”un Qazaxıstan bürosunun xəbərinə görə, bu barədə Akordanın Mətbuat xidməti məlumat yayıb.
“Qonaqpərvərliyinizə görə sizə təşəkkür etmək istəyirəm. Görüş üçün xüsusi olaraq hava limanına gəlməyiniz mənim üçün böyük şərəfdir. Ölkələrimiz arasında heç bir ziddiyyət yoxdur. Bizi təkcə dostluq deyil, həm də səmərəli əməkdaşlıq bağlayır. Sabah bizim mühüm danışıqlarımız olacaq”, – Tokayev bildirib.
Qeyd edək ki, iyulun 29-da dövlət başçıları Qazaxıstanla Türkiyə arasında genişləndirilmiş strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə yönəlmiş danışıqlar aparacaqlar.
Qazaxıstan Prezidenti Kasım – Jomart Tokayev Türkiyədə səfərdədir.
“Report”un Qazaxıstan bürosu Akordanın Mətbuat xidmətinə istinadən xəbər verir ki, Tokayevi paytaxt Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Tokayevin gəlişi şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Mənbə: Report.Az