GÜNDƏM

BDM VƏ QƏRBİ AZƏRBAYCAN İCMALARI XOCALIDA ŞƏHİD AİLƏLƏRİNİ UNUTMADI

İyulun 26-da 2025-ci il tarixində Xocalı şəhərində Qərbi Azərbaycana qayıdışla bağlı genişmiqyaslı və mənəvi baxımdan dərin məzmun kəsb edən tədbir keçirilib. Tədbirə Beynəlxalq Diaspora Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Bakının müxtəlif ərazilərindən, eləcə də Qərbi Azərbaycanın Paşalı rayonunun Terp və İstisu kəndlərindən olan sakinlər, şəhid və qazilərin ailə üzvləri qatılıblar.

bdmxeber.az xəbər verir ki, Tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev tədbir iştirakçılarını salamlayaraq ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiriləcəyini elan edib. Ardınca Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışı zamanı İsmayıl Ağayev bildirib: “Bu gün burada olmaq bizim üçün sadəcə bir ziyarət deyil – bu, tarixlə görüş, kimliyimizlə üz-üzə dayanmaq və mənəvi yaddaşımıza sadiqliyin təzahürüdür. Bakıdan, Azərbaycanın müxtəlif bölgələrindən, xüsusilə də Qərbi Azərbaycanın Paşalı rayonunun İstisu və Terp kəndlərindən olan soydaşlarımız, şəhid və qazi ailələri ilə birlikdə Xocalıya – şəhidlər xiyabanını ziyarətə gəlmişik. Bu müqəddəs torpaqda şəhidlərimizin ruhu qarşısında baş əyir, onların əziz xatirəsini ehtiramla yad edirik. Düzünü desəm, bu anı ifadə etməkdə çətinlik çəkirəm. Elə bil sözlər boğazımda düyünlənir. Çünki ilk dəfədir ki, bu qədər danışarkən bu cür dərin bir həyəcan hiss edirəm. Gözlərim qarşısında 200 nəfərə yaxın soydaşımız dayanır – onların hər biri isti havaya, uzun yola baxmayaraq, böyük ruh yüksəkliyi ilə bu tədbirə qatılıb. Onların baxışlarında qəriblik yox, ümid var; onların addımlarında yorğunluq yox, inam var. Bu sədaqət, bu fədakarlıq bizi bir daha əmin edir ki, biz haqlı mübarizəmizdə tək deyilik, xalq olaraq birik, bütöyük və güclüyük. Biz – Beynəlxalq Diaspora Mərkəzi, Qərbi Azərbaycan İcması, Paşalı rayonunun İstisu və Terp kənd icmaları olaraq bu tədbirin keçirilməsi üçün böyük bir əzmlə, birlik və əməkdaşlıq ruhu ilə çalışmışıq. Bu tədbir bizim üçün sadəcə bir proqram deyil – bu, Qayıdış Konsepsiyasına mənəvi dəstək, şəhidlərimizin ruhuna ehtiram və gələcək nəsillərə verilən bir mesajdır: “Biz buradayıq, biz qayıdırıq!”

Daha sonra çıxış üçün söz Paşalı rayonunun İstisu icmasının sədri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist, AYB və AJB üzvü, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü Alı Safoluya (Alıyev) verilib. Alı müəllim çıxışında bildirib: “Bu gün biz böyük qürur hissi keçiririk. Torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz bərpa olunub. Biz xalq olaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igidlərimizi hər zaman qürurla anırıq. Qərbi Azərbaycan İcması yarandığı gündən bu günə qədər Qayıdış Konsepsiyasına böyük önəm vermiş və hörmətli millət vəkilimiz, icma sədri Əziz Ələkbərlinin səyləri nəticəsində dayanmadan fəaliyyət göstərmişdir.”

Tədbirdə daha sonra Terp icmasının sədri Ceyhunə Şirəliyevaya söz verilib. Ceyhunə xanım çıxışında bildirib: “Xocalıda şəhid olmuş Terp kəndindən olan şəhid ailələri bu gün burada bizimlədir. Onlara təşəkkürümü bildirirəm. Biz – icmalar və Beynəlxalq Diaspora Mərkəzi olaraq bu tədbirin yüksək səviyyədə keçirilməsinə nail olmuşuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”

Tədbirdə “Şərur-Dərələyəz qəzasının kameral təsviri” kitabının müəllifi, tədqiqatçı-alim Nazir Əhmədli, Qərbi Azərbaycan İcması Paşalı rayonunun Terp kənd icmasının Salyan rayonu üzrə nümayəndəsi Kərəm Muradov və şəhid ailələrinin üzvləri də çıxış edərək, tarixi ədalətin bərpası istiqamətində atılan addımları dəstəklədiklərini bildiriblər.

Tədbirin sonunda Paşalı rayonunun Terp kəndindən olan şəhid ailələrinə Terp icması və Beynəlxalq Diaspora Mərkəzinin birgə hazırladığı diplomlar və suvenirlər təqdim olunub. Diplomlarla təltif olunan şəhidlər bunlardır:

  1. Milli Qəhrəman Orucov Vəzir Surxay oğlu – I Qarabağ müharibəsi şəhidi

  2. Hüseynov Sabir Ağa oğlu – I Qarabağ müharibəsi şəhidi

  3. Səmədov Həmid Bəylər oğlu – I Qarabağ müharibəsi şəhidi

  4. Səmədov Taryel Bəylər oğlu – I Qarabağ müharibəsi şəhidi

  5. Şahbazov Zaur Əsgər oğlu – I Qarabağ müharibəsi şəhidi (Qarabağlı kəndi, Salyan rayonu)

  6. Şahbazov Həsən Telman oğlu – I Qarabağ müharibəsi şəhidi

  7. Xanalıyev Albaba Elşən oğlu – 44 günlük Vətən müharibəsi şəhidi

  8. Mustafayev Samir Elşən oğlu – 44 günlük Vətən müharibəsi şəhidi

Diplomlar şəhid ailələrinə xüsusi ehtiram və minnətdarlıq hissi ilə təqdim olunub.

Daha sonra Beynəlxalq Diaspora Mərkəzinin Şəhid və Qazi Ailələri ilə İş Departamentinin rəhbəri Qızbəz Şirinova və həmin departamentin müavini Hicran Tağıyeva ölkəmizin müxtəlif bölgələrindən olan şəhid ailələrinə diplom və xatirə suvenirləri təqdim etdilər.

Təqdimat zamanı vurğulanıb ki, bu diplomlar təkcə bir mükafat deyil – bu sənədlər hər bir şəhid ailəsinə Azərbaycan xalqının, dövlətinin və diaspor təşkilatlarının minnətdarlığının, ehtiramının rəmzidir. Qeyd olunub ki, şəhidlərimizin ailələri bizim milli sərvətimiz, mənəvi dayağımız və qürur mənbəyimizdir. Onların övladları tarix yazıb, biz isə o tarixi daima yaşatmaqla borcluyuq.

Bu təşəbbüs həm də Beynəlxalq Diaspora Mərkəzinin şəhid ailələrinə göstərdiyi davamlı diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirilib.

“Beynəlxalq Diaspora Mərkəzinin Gənclər Departamentinin rəhbəri Ramal İsmayılov və departament üzvləri — Miri Miriyev, Abdullayev Ömər, Tariyel İsmayılov və İsmayıl Nitfullayev tədbirin yüksək səviyyədə təşkili və uğurla keçirilməsi üçün hərtərəfli əmək sərf etmiş, təşkilati məsələlərin icrasında mühüm rol oynamışlar.”

Tədbir iştirakçıları daha sonra Əsgəran qalasını, Xankəndini, Şuşanı və Cıdır düzünü ziyarət ediblər. Müğənni Rəşad İdris oğlu vətənpərvərlik ruhunda ifaları ilə tədbirə xüsusi rəng qatıb. İsa bulağı ətrafında keçirilən bədii proqramda iştirakçılar duyğusal anlar yaşayıblar.

Tədbir Cıdır düzündə ifa olunan “İrəvan yallısı” ilə yekunlaşıb. 200 nəfərlik nümayəndə heyəti saat 17:00-da Bakı şəhərinə yola düşüb.