Tramp: Kaliforniyada yanğınlardan zərər çəkənlər üçün toplanan 100 milyon dollar yoxa çıxıb
ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatında təbii yanğınlardan zərər çəkənlərə yardım göstərmək məqsədi daşıyan “FireAid” təşəbbüsünü dələduzluq sxemi adlandırıb və bu məqsəd üçün toplanmış vəsaitlərdən 100 milyon dolların yoxa çıxdığını bildirib.
“Report”un məlumatına görə, Amerika lideri bu barədə “Truth Social” platformasında yazıb.
“FireAid tam bir fəlakətdir. Bu, demokratlardan ilhamlanan növbəti dələduzluq sxemidir. 100 milyon dollar yoxa çıxıb”, – o qeyd edib.
Kaliforniyanın cənub hissəsində, Los-Anceles rayonunda yanvarda təbii yanğınlar səbəbindən 30-dan çox insan həlak olub, təxminən 18 min müxtəlif tikili məhv edilib. İctimai təşkilatlar, o cümlədən Demokratlar Partiyası ilə əlaqəli olanlar yanğınlar nəticəsində zərər çəkmiş və ya əmlakını itirmiş insanların ehtiyacları üçün vəsait toplamaq kampaniyası elan ediblər. Bu təşəbbüs çərçivəsində yanvarın 30-da Kaliforniyada Billie Eilish, Lady Gaga, Katy Perry və digər məşhur müğənnilərin iştirakı ilə xeyriyyə konserti keçirilib. Təxminən 100 milyon dollar toplanıb, lakin “Fox News” telekanalının məlumatına görə, vəsaitlər sonradan bir sıra qeyri-hökumət təşkilatları arasında bölüşdürülüb və birbaşa zərərçəkənlərə verilməyib.
Mənbə: Report.Az