“Qadınlar üçün sahibkarlıq və peşə təlimlərinin təşkili” layihəsinin beşinci təlimi keçirilib – FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən icra olunan “Qadınlar üçün sahibkarlıq və peşə təlimlərinin təşkili” layihəsinin beşinci təlimi 25 iyul 2025-ci il tarixində Laçın rayonunda təşkil olunub.
QHT.az xəbər verir ki, təlimin əsas məqsədi Laçın rayonunda yaşayan qadınların sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması, peşə yönümlü sahələrdə ilkin məlumatların verilməsi və praktik vərdişlərin formalaşdırılmasıdır.
Növbəti təlimin mövzusu “Şəbəkələşmə və Əlaqələr Qurulması” olub. Təlimçi Orxan Xıdırov mövzu üzrə geniş təqdimatla çıxış edərək, işgüzar əlaqələrin qurulmasının peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıqlar üçün vacib olduğunu vurğulayıb. Təlim zamanı iştirakçılara şəbəkələşmənin əhəmiyyəti, əlaqələrin davamlı saxlanması, yeni tərəfdaşlıqların qurulması və resursların paylaşılması kimi praktiki istiqamətlər üzrə nümunələr təqdim olunub. İştirakçılarla birlikdə interaktiv müzakirələr aparılıb, onların fikir və sualları cavablandırılıb.
Təlimdə çıxış edən “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyinin sədri İradə Nəsirova xarici ölkələrdə fəaliyyət göstərən sahibkarlarla qurduğu şəbəkələrdən və bu əlaqələrin gələcək əməkdaşlıqlar üçün yaratdığı imkanlardan danışaraq, iştirakçılara şəxsi təcrübəsi əsasında faydalı tövsiyələr verib.
Təlimdən faydalanan iştirakçılar sahibkarlıq sahəsində öz bizneslərini qurmaqla bağlı ideyalarını bölüşüb, gələcək fəaliyyət istiqamətləri üzrə ilkin planlar hazırlayıblar. Onlar həmçinin şəbəkələşmə sayəsində yeni imkanlara çıxış əldə etməyin yollarını öyrənib, bu biliklərin onların şəxsi və peşəkar inkişafında mühüm rol oynayacağını qeyd ediblər.
Layihə çərçivəsində davamlı olaraq təşkil edilən təlimlər bölgədə qadınların iqtisadi fəallığının artırılmasına, onların özünüməşğulluq imkanlarının genişləndirilməsinə və cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir.
Mənbə: Turkustan.Az