SİYASƏT

Ceyhun Bayramov Hakan Fidanla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib – YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Bu barədə “Report”a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub. Bununla yanaşı, regional və beynəlxalq müstəvidə müşahidə olunan təhlükəsizlik problemləri nəzərdən keçirilib.

Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam etdirildiyi məmnunluqla qeyd edilib.

C.Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi və onun müxtəlif aspektləri, sülh sazişi üzrə cari vəziyyət və perspektivlər, habelə mövcud maneələr və onların həlli istiqamətində səylər barədə ətraflı məlumatlandırıb.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

19:34

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Ermənistanla Azərbaycan arasında davam edən normallaşma və sülh prosesi barədə fikir mübadiləsi aparıblar.

Mənbə: Report.Az