SİYASƏT

Azərbaycan və Gürcüstan birgə təhsil təşəbbüslərini sistemli səviyyəyə çıxarmaq niyyətindədir

Azərbaycan və Gürcüstan birgə təhsil, gənclər təşəbbüslərini sistemli səviyyəyə çıxarmaq, birdəfəlik tədbirləri daimi fəaliyyət göstərən proqramlara çevirmək niyyətindədirlər.

“Report”un Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Qubadakı yay düşərgəsində iştirak edən gürcüstanlı və azərbaycanlı tələbələrlə görüşündə bildirib.

Görüş Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzenin iştirakı ilə keçirilib.

“Biz həqiqətən də Azərbaycanla yüksək səviyyəli qarşılıqlı anlaşma və əməkdaşlığa nail olmuşuq ki, bunun əsasında iki ölkə arasında ortaq maraqlar, tarixi əlaqələr və dostluq dayanır. Biz birgə təhsil təşəbbüslərini və düşərgələri, eləcə də digər müxtəlif layihələri sistemli şəkildə həyata keçirməyə davam edəcəyik”, – G.Mikanadze bildirib.

Gürcüstanlı nazir, həmçinin Gürcüstan və Azərbaycan prezidentləri – Mixeil Kavelaşvili və İlham Əliyevin birgə layihələrin həyata keçirilməsinə mühüm töhfəsini vurğulayıb və düşərgənin uğurla keçirilməsinin məhz onların dəstəyi və köməyi sayəsində mümkün olduğunu bildirib.

G.Mikanadze F.Qayıbova səmərəli əməkdaşlıq üçün təşəkkür edib. Onun sözlərinə görə, nümunəvi tərəfdaşlıq gələcəkdə də davam edəcək və çox tezliklə Gürcüstan azərbaycanlı və gürcüstanlı tələbələri qəbul edə biləcək.

Azərbaycan və gürcü tələbələri üçün düşərgə Azərbaycanın üç şəhərində – Quba, Bakı və Sumqayıtda Gürcüstan-Azərbaycan Gənclər Həftəsi çərçivəsində təşkil olunub. Düşərgədə 90 tələbə iştirak edir. Proqrama ekskursiyalar, müxtəlif idman, təhsil və mədəni tədbirlər, həmçinin gənclər forumu daxildir.

Gürcüstan-Azərbaycan Gənclər Həftəsi 22-27 iyul tarixlərində keçirilir və tələbələrə bir-birinin mədəniyyəti haqqında daha çox məlumat əldə etmək, əlaqələrini gücləndirmək və təcrübə mübadiləsi aparmaq imkanı verir.

Mənbə: Report.Az