MƏDƏNİYYƏT

Marneulidə Azərbaycan xalçaçılıq sənətinə həsr olunmuş sərgi keçirilib

Marneuli İctimai Kitabxanasının həyətində Azərbaycan mədəniyyətinin ən qədim və unikal nümunələrindən biri olan xalçaçılıq sənətinə həsr olunmuş növbəti sərgi təşkil edilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirin əsas məqsədi Borçalı bölgəsinin xalçaçılıq ənənələrinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsidir.

Sərgidə yerli xalçaçılar, sənətsevərlər və müxtəlif mədəniyyət nümayəndələri iştirak ediblər. Marneuli Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xalçaçılıq studiyasının üzvləri tərəfindən toxunmuş əl işləri sərgilənib. Tədbirdə, həmçinin xalça toxuma texnikaları, yun əyirmə və boyama prosesləri də əyani şəkildə nümayiş etdirilib.

Marneuli Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvili bildirib ki, bu sərgi Azərbaycan xalçaçılıq sənətinin yaşadılması və bölgədə tanıdılması məqsədilə həyata keçirilən layihələrdən biridir.

“Bir neçə il əvvəl biz bu milli layihə ilə maraqlandıq və qərara gəldik ki, Mədəniyyət Mərkəzinin nəzdində Azərbaycan xalçaçılığı studiyası yaradaq. Əsas məqsədimiz bu zəngin mədəni irsin unudulmaması, nəsildən-nəslə ötürülməsidir. Burada yaşayan müxtəlif millətlərin də Azərbaycan xalçaçılığı haqqında məlumatlarını artırmaq istəyirik”, – deyə o bildirib.

Sərgidə xalçaçı-rəssam Nabat Anazarovanın əl işləri də böyük maraqla qarşılanıb. Onun anasından və nənəsindən miras qalan, yaşı 100-dən çox olan Qazax-Borçalı üslubunda toxunmuş xalçalar sərginin diqqətçəkən eksponatları olub.

Tədbirə xüsusi rəng qatanlardan biri də tanınmış aşıq Nərgilə Mehtiyeva olub. O, saz ifası ilə xalça sərgisinin ruhunu tamamlayaraq qədim Borçalı mədəniyyətini musiqi və sənətin ahəngində təqdim edib.

Sərginin əhəmiyyətini vurğulayan təşkilatçılar qeyd ediblər ki, bu layihə xalçaçılığın təkcə keçmişə aid sənət deyil, bu gün də Gürcüstanda yerli mədəniyyətlə yanaşı yaşadığını göstərir. Əsrlərdir toxunan bu xalçalar torpağın yaddaşını, xalqın tarixini daşıyır və onları yaşatmaq gələcək nəsillər qarşısında tarixi bir borcdur.

Mənbə: Report.Az