“İqtisadi və Sosial İnkişaf Mərkəzi” yaşıl iqtisadiyyata dair yeni layihəyə start verib
“İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanda Dayanıqlı Yaşıl İnkişaf: Sirkulyar İqtisadiyyat” adlı layihənin icrasına başlayıb.
QHT.az xəbər verir ki, layihənin məqsədi Azərbaycanda dayanıqlı yaşıl iqtisadi inkişaf çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinin, eləcə də sahibkarlıq fəaliyyəti göstərmək istəyən şəxslərin bilik və bacarıqlarını artırmaq, həmçinin sirkulyar iqtisadiyyatın inkişafına töhfə verməkdir. Eyni zamanda layihə yaşıl və sirkulyar iqtisadi modelin dəstəklənməsi, mövcud çağırışlara uyğun şəkildə ekoloji cəhətdən davamlı və innovativ məhsul və xidmətlərin istehsalının təşviqini nəzərdə tutur.
Layihə çərçivəsində Şamaxı və Füzuli rayonlarında 4 günlük təlimlərin təşkili planlaşdırılır. Təlimlərdə hər rayondan 25 nəfər qadın və gəncin iştirakı təmin ediləcək.
Bundan əlavə, layihə çərçivəsində ekspertlər tərəfindən Azərbaycan və ingilis dillərində tədqiqat sənədi hazırlanacaq. Hazır sənəd Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) təqdim olunacaq və peşəkar tərcümə ilə ingilis dilinə çevrilərək ictimaiyyətlə paylaşılacaq.
Layihə ilə bağlı məlumatlar və yeniliklər mütəmadi olaraq rəqəmsal platformalar və sosial media vasitəsilə ictimaiyyətə çatdırılacaq.
Mənbə: Turkustan.Az