DÜNYA

İran uranın zənginləşdirilməsi prosesini dayandırıb

ABŞ-nin nüvə obyektlərinə zərbə endirməsindən sonra İranda uranın zənginləşdirilməsi hələ həyata keçirilməyib, lakin Tehran bunu milli qürur məsələsi hesab edərək bu prosesdən əl çəkmək niyyətində deyil.

“Report” xəbər verir ki, bu mövqeyi İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O, Fox News kanalına müsahibəsində bildirib: “Hazırda o, dayandırılıb, çünki ciddi ziyan dəyib. Eyni zamanda, təbii ki, biz zənginləşmədən əl çəkmək fikrində deyilik, çünki bu, alimlərimizin nailiyyətidir, üstəlik, indi bu, milli qürur məsələsidir”.

Nazir əlavə edib ki, hazırda İranın Atom Enerjisi Təşkilatı nüvə obyektlərinə dəyən zərərin həcmini və zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyətini qiymətləndirir.

Mənbə: Report.Az