GÜNDƏM

Azərbaycanda azad söz tribunası

Milli mətbuat tarixən Azərbaycanın ictimai, siyasi və mədəni inkişafında ayrılmaz bir komponent olmuşdur

Milli mətbuat hər bir xalqın mənəvi varlığını, ictimai düşüncəsini və milli kimliyini əks etdirən, həmçinin inkişaf etdirən ən vacib institusional vasitələrdən biridir. Azərbaycanda milli mətbuatın əsası 1875-ci ilinin 22 iyulunda “Əkinçi” qəzetinin nəşri ilə qoyulmuşdur. Həsən bəy Zərdabi tərəfindən yaradılan bu qəzet təkcə informasiya daşıyıcısı deyil, həm də maarifçilik və milli oyanış hərəkatının öncüllərindən biri kimi tarixə düşmüşdür. O zamandan bu günədək milli mətbuat cəmiyyətin formalaşması, demokratik institutların inkişafı, hüquqi şüurun yüksəlməsi və milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynamışdır. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

XIX əsrin sonlarında Azərbaycan xalqının qarşısında duran ən mühüm məsələlərdən biri savadsızlıq və ictimai gerilik idi. Bu vəziyyəti dəyişmək məqsədilə mətbuat maarifçi missiya ilə çıxış etdi. “Əkinçi”, “Ziya”, “Kaspi”, “Kəşkül” kimi nəşrlər vasitəsilə xalq arasında elmi biliklərin, tibbi məsləhətlərin, kənd təsərrüfatı sahəsində maarifləndirici məlumatların yayılması, eləcə də milli-mədəni dəyərlərin təbliği həyata keçirilirdi. Bu mətbuat nümunələri, sadəcə, məlumat vermir, həm də xalqı düşündürür, onu yeni bir həyat tərzinə yönəldirdi.

XX əsrin əvvəllərində Azərbaycan mətbuatı təkcə maariflə kifayətlənməyərək, eyni zamanda siyasi məsələlərə toxunmağa başladı. Məhəmməd ağa Şahtaxtlı, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu kimi ziyalıların rəhbərlik etdiyi qəzet və jurnallar vasitəsilə azərbaycanlıların hüquqi və siyasi şüur səviyyəsi yüksəldildi. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan”, “Açıq Söz”, “İstiqlal” kimi qəzetlər dövlətçilik ideyalarının yayılmasında aparıcı rol oynadı. Mətbuatın rolu yalnız xəbər yaymaqla məhdudlaşmırdı – o, milli istiqlal uğrunda mübarizənin ideoloji əsaslarını da formalaşdırırdı.

1920-ci ildən sonra Azərbaycan Sovet Sosialist Respublikası tərkibində olduğu müddətdə mətbuat ciddi senzura ilə üz-üzə qaldı. Baxmayaraq ki, bu dövrdə mətbuat vasitəsilə maarifləndirmə işi davam etdirilirdi, lakin azad fikir ifadəsi və tənqid imkanları xeyli məhdudlaşmışdı. Buna baxmayaraq, bəzi mətbuat orqanları milli-mədəni dəyərlərin qorunmasına gizli və ya dolayı yollarla xidmət etməyə çalışırdılar. Bu mərhələ mətbuat tariximizin həm qaranlıq, həm də dərs verici dövrü hesab edilir.

Dayanıqlı inkişaf – cəmiyyətin sosial, iqtisadi və ekoloji sahələrində tarazlığın qorunması ilə yanaşı, uzunmüddətli və davamlı inkişafın təmin olunması deməkdir. Bu inkişaf modelinin həyata keçirilməsi üçün düzgün informasiya siyasəti və azad, məsuliyyətli kütləvi informasiya vasitələri (KİV) vacib şərtdir. 1991-ci ildən sonra müstəqil Azərbaycanın mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycanda 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış köklü islahatlar nəticəsində müasir medianın formalaşması üçün əlverişli şərait yaranmış, cəmiyyətin demokratikləşməsi və informasiya cəmiyyətinə keçidi istiqamətində ciddi addımlar atılmışdır. 1998-ci ildə Azərbaycanda senzuranın ləğvi tarixi bir qərar olmaqla, medianın inkişafında dönüş nöqtəsinə çevrildi. Bu qərar bir tərəfdən jurnalistlərin sərbəst fəaliyyəti üçün hüquqi əsas yaratdı, digər tərəfdən isə cəmiyyətin informasiya əldə etmək hüququnu təmin etdi. Senzuranın aradan qaldırılması ilə informasiya axını sürətləndi, KİV-lər daha müstəqil mövqedən çıxış etməyə başladı. Ulu Öndərin təşəbbüsü ilə 1990-cı illərin sonlarından başlayaraq media sahəsində mütərəqqi qanunvericilik bazası yaradıldı. Ümummilli Lider Heydər Əliyev milli mətbuat haqqında demişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”.

Mətbuat azadlığı, söz və fikir plüralizmi, müstəqil informasiya məkanının formalaşması yeni dövrün əsas göstəricilərindən oldu. Yeni nəşrlər müxtəlif ictimai təbəqələrin maraqlarını əks etdirərək cəmiyyətin informasiya ilə təminatında mühüm rol oynadı. Bununla yanaşı, jurnalist peşəkarlığı, obyektivlik, etik norma və prinsiplərin qorunması məsələləri aktuallaşdı. Sosial medianın geniş yayılması ilə mətbuatın funksiyası daha da dəyişdi — klassik mətbuatla yanaşı internet jurnalistikası və vətəndaş jurnalistikası da önə çıxmağa başladı. Bu gün Azərbaycan mətbuatı cəmiyyətdəki problemləri işıqlandırmaq, ictimai rəyi formalaşdırmaq və dövlət vətəndaş münasibətlərində vasitəçilik etmək missiyasını daşıyır. Mətbuat həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Xalq ədəbiyyatı, musiqisi, adət-ənənələri, milli bayramlar, tarixi şəxsiyyətlər mətbuat səhifələrində geniş təbliğ olunur. Bu, xüsusilə gənc nəslin milli kimlik duyğusunun gücləndirilməsi baxımından önəmlidir. Mətbuat həm də milli həmrəyliyin və birliyin möhkəmləndirilməsində vasitəçi rolunu oynayır.

Respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Bu vəzifələri Prezident İlham Əliyev belə açıqlayıb: “Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır”.

Milli mətbuat tarixən Azərbaycanın ictimai, siyasi və mədəni inkişafında ayrılmaz bir komponent olmuşdur. O, maarifləndirmədən tutmuş milli ideologiyanın formalaşmasına, demokratik cəmiyyətin qurulmasından tutmuş milli birliyin möhkəmlənməsinə qədər müxtəlif istiqamətlərdə cəmiyyətə töhfələr vermişdir. Bu gün də müasir texnologiyaların və informasiya vasitələrinin inkişafı fonunda milli mətbuat öz ənənəvi funksiyalarını qorumaqla yanaşı, yenilənmiş formalarla cəmiyyətin inkişafına xidmət edir. Mətbuatın azad, obyektiv və məsuliyyətli olması – cəmiyyətin sağlam inkişafının əsas şərtlərindən biridir. Bu baxımdan, milli mətbuatın gücləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması və informasiya təhlükəsizliyinin qorunması strateji əhəmiyyət kəsb edir. Yalnız belə olduğu halda mətbuat, milli və ictimai maraqlara real töhfə verən bir qüvvəyə çevrilə bilər.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent