Avropa Komissiyası şirkətləri 2030-cu ildən yalnız elektromobil almağa məcbur etmək istəyir
Avropa Komissiyası gizli şəkildə “Sixt” və ya “Europcar” kimi avtomobil icarəsi şirkətlərini, eləcə də digər şirkətləri 2030-cu ildən yalnız elektromobil almağa məcbur edəcək qanun layihəsi hazırlayır.
“Report”un xəbərinə görə, bu barədə “Bild” qəzeti Aİ-dəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, yeni qanun avtomobil bazarının 60%-nə təsir edəcək. Avropa Komissiyası 2035-ci ilə qədər Aİ-də satışının dayandırılması planlaşdırılan daxiliyanma mühərrikli avtomobillərə qoyulan qadağanın icrasını sürətləndirməyə çalışır. Bundan başqa AK öz qanun layihəsini yayın sonunda təqdim etmək niyyətindədir.
Eyni zamanda, Avropa Parlamenti artıq Avropa Komissiyasının ideyasını tənqid edib.
Avropa Parlamentinin deputatı Markus Ferber qeyd edib ki, avtomobil icarəsi şirkətləri, əksinə, müştərilərin hər zaman enerji doldurma məntəqələri tapa bilmədiklərindən elektrik avtomobil parklarını azaldıblar. Bu baxımdan o, AK-nin yanaşmasını qeyri-real hesab edir.
Onu Sixt idarə heyətinin üzvü Niko Qabriel dəstəkləyib və o, daxili yanma mühərrikləri olan avtomobillərə qoyulan qadağanı reallıqdan kənar adlandırıb. Ferber kimi Qabriel də Aİ-də enerji doldurma stansiyalarının olmamasına diqqət çəkib.
Mənbə: Report.Az