Suriya qoşunların yenidən Əs-Süveydada yerləşdirilməsi barədə məlumatları təkzib edib – YENİLƏNİB
Suriyanın Daxili İşlər Nazirliyi (DİN) hökumət qoşunlarının yenidən Əs-Süveyda şəhərində yerləşdirilməsinə hazırlığın görülməsi barədə məlumatları təkzib edib.
“Report”un məlumatına görə, bunu Suriya DİN-in mətbuat katibi Nurəddin Əl-Baba deyib.
“Bununla bağlı rəsmi bəyanat verilməyib. Dərc edilmiş məlumatların həqiqiliyini qəti şəkildə inkar edirik”, – mətbuat katibi bildirib.
DİN nümayəndəsi əlavə edib ki, hökumət qüvvələri normal hazırlıq vəziyyətindədir və hələlik Əs-Süveydaya qoşun göndərilməyib.
Suriya druz və bədəvi qəbilələri arasında toqquşmalar fonunda qoşunlarını yenidən Əs-Süveydaya göndərməyə hazırlaşır.
“Report”un məlumatına görə, bu barədə “Al Arabia” Suriyanın Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən xəbər verir.
Məlumata görə, məqsəd sabitliyi təmin etmək və yerli əhalini qorumaqdır. Digər mənbələrə əsasən, Suriya qoşunları artıq Əs-Süveyda yaxınlığındadır.
Toqquşmalar Suriyadakı ərəb qəbilələrinin “cənub əyalətindəki bədəvi qəbilələrini xilas etmək” məqsədilə ümumi səfərbərlik elan etməsindən sonra başlayıb. İsrail isə Suriya hökumətinə qoşunlarını cənubdan çıxarmağın zəruriliyi barədə xəbərdarlıq etdiyini bildirib.
Mənbə: Report.Az