DÜNYA

Parlament sədri Gürcüstanda sabitliyin pozulması cəhdlərindən narahatdır

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə sabitliyin pozulmasına yönəlmiş xarici müdaxilə cəhdləri ilə bağlı ciddi narahatlığını ifadə edib.

“Report”un yerli bürosu xəbər verir ki, Papuaşvili bunu “Imedi Live” verilişində çıxışı zamanı dilə gətirib.

Onun sözlərinə görə, Brüssel tərəfindən atılan bəzi addımlar Gürcüstanda xaos yaratmaq məqsədilə xarici təsirlərin artmasının göstəricisidir. Papuaşvili bildirib ki, ölkədə öz “marionet”lərini hakimiyyətə gətirmək istəyən qüvvələr var: “Bu cəhdlər artıq müşahidə olunur. Biz xaos yaratmaq cəhdinin əlamətlərini görürük. Brüsselin bəzi addımları bizə göstərir ki, kənardan ölkədə sabitliyi pozmaq cəhdi olacaq”.

Papuaşvili keçən ilin payızında keçirilmiş referendum zamanı xarici səfirlərin və diplomatların seçkilərə müdaxilə etdiyini vurğulayıb: “Bir çox səfirlər, o cümlədən Avropa İttifaqının səfiri, Vyana Konvensiyasını bir kənara qoyaraq, birbaşa seçki kampaniyasına başladılar. Lakin gürcü xalqı öz azadlığını xarici təsirlərə buraxmaq fikrində olmadığını bir daha sübut etdi”.

Spiker bildirib ki, bu müdaxilələr daha qəddar şəkildə davam edə bilər, lakin gürcü xalqının buna adekvat cavab verəcəyinə əmindir.

Mənbə: Report.Az