Müəllimlərə güzəştli kart veriləcək
Azərbaycanda tələbələrdən sonra müəllimlərə də təhsil kartı veriləcək.
Turkustan.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “TəhsilPlus” kartının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, kartlarda keşbeklərdən gələn gəlir müəllimlərin rifahının yaxşılaşmasına sərf ediləcək: “Bu layihə müəllimlərin professional nüfuzunun artırılmasına yönəlib və təhsilin inkişafına töhfə verəcək”.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov isə Fondun yeni təşəbbüsü olan “TəhsilPlus” kartının hədəf qrupu, üstünlükləri, faydalarından danışıb. O bildirib ki, çoxfunksional kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulur. “TəhsilPlus” kartının 450 min nəfəri əhatə etməsi nəzərdə tutulur.
***
Təhsilin İnkişafı Fondu (TİF) tərəfindən www.tif.edu.az saytında “İanə et” bölməsi aktivləşdirilib.
TİF sədri qeyd edib ki, artıq istənilən şəxs onlayn formada təhsilə dəstək məqsədilə ianə verə bilər: “İanələr Təhsilin İnkişafı Fonduna, “Gənc qızların təhsilinə dəstək” layihəsinə və Qarabağ Təqaüd Proqramına toplanacaq. Həm fiziki, həm də hüquqi şəxslər onlayn platforma vasitəsilə ianə edə bilər. Donorlar ianənin məbləğini və istiqamətini seçərək TİF-ə dəstək göstərə bilərlər. Eyni zamanda ianə verənlərə xüsusi “İanə Sertifikatı” təqdim olunacaq”.
Mənbə: Turkustan.Az